Niderlandın Rotterdam şəhərində yerləşən "Erasmus MC" Universitet Tibb Mərkəzinin nümayəndə heyəti Azərbaycan və Niderland arasında tibbi və elmi əməkdaşlığı gücləndirmək məqsədilə 2026-cı il noyabrın 12-13-də Bakıda səfərdə olub.
Bu barədə Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.
Səfir qeyd edib ki, nümayəndə heyəti səhiyyə sahəsində mümkün əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün səhiyyə nazirinin müavini İlqar Qasımovla görüş keçirib. Həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri ilə də görüş baş tutub. Bundan əlavə, Azərbaycan Tibb Universiteti ilə mümkün akademik əməkdaşlığı və mübadiləni nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
Marian de Yonqun sözlərinə görə, səfər zamanı xüsusi diqqət qaraciyər transplantasiyasına, qastroenterologiyaya, hepatologiyaya, həmçinin doktorantura proqramları çərçivəsində azərbaycanlı mütəxəssislərin hazırlanması imkanlarının genişləndirilməsinə ayrılıb.
"Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi və Bakı Sağlamlıq Mərkəzinin nümayəndələri ilə görüşlər keçirib. Bu müəssisələr tibb təhsili, elmi tədqiqatlar, peşəkar biliklərin mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi sahəsində əməkdaşlığın inkişafı üçün potensial tərəfdaşlar kimi nəzərdən keçirilir. Müzakirələr zamanı tərəflər akademik qarşılıqlı fəaliyyət, birgə elmi tədbirlərin keçirilməsi, tədqiqat layihələrinin icrası və peşəkar mübadilə perspektivlərini nəzərdən keçiriblər. Bundan əlavə, iştirakçı müəssisələrin maraq və imkanlarının üst-üstə düşdüyü istiqamətlər müəyyən edilib", - diplomat qeyd edib.
Marian de Yonq vurğulayıb ki, nümayəndə heyətinin tərkibinə qastroenterologiya və hepatologiya laboratoriyasının rəhbəri, "Batavian Society"nin prezidenti, "Erasmus-Abai" və "Erasmus-Navoi" təşəbbüslərinin direktoru professor M.Peppelenboş (M. Peppelenbosch), habelə layihə rəhbəri doktor Ruslan Məmmədov (Ruslan Mammadov), CGO-nun elmi işçisi və dosenti, layihə rəhbəri və Mərkəzi Asiya və Azərbaycan üzrə baş nümayəndə doktor Raul Tan (Raoul Tan), Tədqiqatların İnkişafı İdarəsində (Research Development Office, RDO) beynəlxalq əlaqələr üzrə baş məsləhətçi daxil olub.
Qeyd edək ki, "Erasmus MC" – klinik təcrübəni, tibb təhsilini və elmi tədqiqatları özündə birləşdirən Rotterdamdakı universitet tibb mərkəzidir. Onun fəaliyyəti əhalinin sağlamlığının yaxşılaşdırılmasına və tibbi yardımın keyfiyyətinin yüksəldilməsinə yönəlib. Prioritet istiqamətlər arasında mürəkkəb xəstəliklərin müalicəsi, elmi innovasiyaların inkişafı, tibb mütəxəssislərinin və tədqiqatçıların hazırlanması yer alır.