Dünya kinosunun ən nüfuzlu prodüserlərindən Barbara Brokkoli Britaniya kino təhsilində mühüm vəzifəyə gətirilib.
O, Böyük Britaniya Milli Film və Televiziya Məktəbinin tarixində ilk qadın prezident seçilib.
Brokkoli bu vəzifədə doqquz il çalışmış Lord Devid Puttnamı əvəzləyəcək.
“Ceyms Bond” filmlərinin uzun illər ərzində formalaşmasında mühüm rol oynayan prodüser kino sənayesindəki təcrübəsi və layihələri ilə tanınır. Qardaşı Maykl Uilsonla birlikdə Bond franşizasının idarəçiliyində iştirak edən Brokkoli 2024-cü ildə kino sənətinə verdikləri töhfəyə görə fəxri “Oskar” mükafatına da layiq görülüb.
Məktəbin rəhbərliyi bu təyinatı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir. Brokkolinin əsas vəzifələrindən biri gələcək rejissorların, ssenaristlərin və digər ekran sənəti mütəxəssislərinin yetişdirilməsinə dəstək olmaqdır. Keçmiş prezident Devid Puttnam isə fəxri prezident statusunu qoruyacaq.