Mossad rəhbəri Vaşinqtona gedir – İrana hücum planı müzakirə olunacaq?

İsrailin kəşfiyyat xidməti Mossadın rəhbəri Roman Qofmanın İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı müzakirələr aparmaq üçün ABŞ-a səfər edəcəyi bildirilir.

“Channel 12” telekanalının məlumatına görə, səfərin əsas məqsədlərindən biri Vaşinqtonla Tehrana mümkün zərbələr məsələsini müzakirə etməkdir.

Məlumata əsasən, İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik vəziyyəti ilə bağlı Yaşar Partiyasının lideri Qadi Ayzenkotla görüşsə də, Mossad rəhbərinin ABŞ-a səfəri barədə ona məlumat verməyib. Görüşdə əsas müzakirə mövzusu İran olub.

Qofmanın səfəri ilə eyni vaxtda ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının komandiri də İsrailə gəlib. O, İsrail Hərbi Dəniz Qüvvələrinin komandanı Eyal Harel ilə görüşüb.

İsrail daxilində İrana qarşı hərbi əməliyyatın zəruriliyi və vaxtı ilə bağlı müzakirələrin aparıldığı bildirilir. Əsas sual mümkün zərbələrin indi endirilməsi, yoxsa hərbi müdaxilənin təxirə salınmasıdır.

İsrail rəhbərliyi həmçinin hər hansı əməliyyatın ABŞ-la koordinasiya edilməsinin vacibliyini nəzərə alır. Məlumata görə, Vaşinqtonla razılaşdırılmamış hərbi addımın atılmasının qarşısının alınması əsas məsələlərdən biridir.