Dünyada yeni koronavirus variantı aşkarlanıb – Nə qədər təhlükəlidir?

ABŞ, Kanada və Avropada koronavirusun yeni PJ.2.1 variantı aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, onun əlamətləri qrip və adi soyuqdəymə ilə demək olar ki, eynidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yeni variantın digər COVID-19 ştamlarından fərqləndirən xüsusi simptomları hələ müəyyən edilməyib.

PJ.2.1 variantına yoluxanlarda qızdırma, üşütmə, öskürək, boğaz ağrısı, burun axıntısı, baş ağrısı, əzələ ağrıları və güclü yorğunluq müşahidə oluna bilər.

Həkimlər qeyd edirlər ki, bu əlamətlər qrip və digər tənəffüs yolu infeksiyalarında da rast gəlinir. Buna görə də yalnız simptomlara əsasən xəstəliyin hansı virusdan qaynaqlandığını müəyyən etmək mümkün deyil. Dəqiq diaqnoz üçün test müayinəsi tələb oluna bilər.

Hazırda PJ.2.1 variantının daha ağır xəstəliyə səbəb olduğunu göstərən kifayət qədər klinik məlumat yoxdur. Onun əvvəlki variantlarla müqayisədə daha təhlükəli olub-olmadığı da araşdırılır.

ÜST dekabr ayında COVID-19 peyvəndlərinin tərkibinə yenidən baxmağı planlaşdırır. Təşkilat bu məqsədlə alimlərdən PJ.2.1 də daxil olmaqla, yeni virus variantları barədə məlumat toplamağı xahiş edib.

Qeyd edək ki, daha əvvəl Ukraynada koronavirusun “Sikada” adlandırılan yeni subvariantına yoluxma halı qeydə alınmışdı. Bu variantın əsas əlamətləri arasında burun axıntısı, qızdırma, öskürək, baş ağrısı, halsızlıq, qoxu və dad itkisi yer alır. Bəzi hallarda göz qıcıqlanması və dəri səpgiləri də müşahidə olunur.