Şimali Koreya 78 il sonra bayrağını dəyişdi

Şimali Koreya 78 il ərzində dəyişməz qalan dövlət bayrağının ölçülərinə yenidən baxıb. Qərara əsasən, bayrağın en və uzunluq nisbəti dəyişdirilib, rəngləri və əsas simvolları isə qorunub.

Xarici mediaya istinadən, dəyişiklik ölkənin yenilənmiş Konstitusiyasında əksini tapıb. Rəsmi “Naenara” platformasında dərc edilən sənədin 166-cı maddəsinə əsasən, bayrağın əvvəlki 1:2 nisbəti 1:1,65 olaraq müəyyənləşdirilib. Bu, 1948-ci ildən bəri ilk belə dəyişiklikdir.

Bayrağın ortasındakı qırmızı zolaq, ağ xətlər, mavi zolaqlar və ağ dairədəki beşguşəli ulduz əvvəlki kimi saxlanılıb. Rəsmi izaha görə, qırmızı rəng ölkənin müstəqilliyi uğrunda mübarizədə tökülən qanı, ağ rəng xalqın hakimiyyətə bağlılığını, mavi isə suverenlik və sülh ideyalarını simvolizə edir.

Dəyişiklik Kim Çen Inın rəhbərliyi altında ölkənin dövlət kimliyinin yenidən formalaşdırılması cəhdləri ilə əlaqələndirilir.

Qeyd edək ki, son illərdə Pxenyan Cənubi Koreya ilə münasibətlərdə də mövqeyini sərtləşdirib. İki ölkənin birləşməsi ideyasından uzaqlaşan Şimali Koreya onları ayrı və düşmən dövlətlər kimi təqdim etməyə başlayıb. Bu prosesdə milli himnə də dəyişiklik edilib.

Hakimiyyət bayrağın ölçülərinin yenilənməsinin səbəblərini ətraflı açıqlamayıb.