Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin heç də hamısı qayğı və hörmət içində yaşamayıb. Yeni araşdırma bu heyvanların bir çoxunun xəstəliklərdən, zədələrdən və ağır həyat şəraitindən əziyyət çəkdiyini üzə çıxarıb.
“The Independent” qəzetinə istinadən, alimlər Vyanadakı Təbiət Tarixi Muzeyində saxlanılan, yaşı 2000 ildən çox olan 131 pişik kəlləsini araşdırıblar. Nəticələr “Journal of Archaeological Science” jurnalında dərc olunub.
Araşdırmaya görə, nümunələrin 62 faizində müxtəlif patologiyalar aşkarlanıb. Əsas problemlər diş xəstəlikləri, diş itkisi və kəllə zədələri ilə bağlı olub.
Belə ki, 23 pişiyin kəlləsində diş əti xəstəliyinin, 24-də isə diş itkisi əlamətləri müəyyən edilib. Daha 35 nümunədə iti nöqtəli zədələr, 19-da isə göz yuvalarının dibində infeksiya və ya qidalanma çatışmazlığı ilə əlaqəli ola biləcək kiçik dəliklər aşkarlanıb.
Tədqiqatçılar bəzi zədələrin digər pişiklərin dişləməsi nəticəsində yarandığını, digərlərinin isə iti metal əşyalarla vurulma nəticəsində meydana gəldiyini ehtimal edirlər.
Qədim Misirdə pişiklər Bastet ilahəsi ilə əlaqələndirilir, ilahi gücün simvolu sayılırdı. Onlar həm dini ayinlərdə iştirak edir, həm də evlərdə saxlanılırdı. Bundan başqa, taxıl ehtiyatlarını gəmiricilərdən qoruduqları üçün təsərrüfatda mühüm rol oynayırdılar.
Lakin araşdırma göstərir ki, dini hörmət heyvanların hər zaman yaxşı şəraitdə yaşaması demək deyildi. Alimlər bəzi pişiklərin ritual məqsədlərlə xüsusi olaraq yetişdirildiyini, mumiyalanmadan əvvəl isə boyunlarının sıxılması və ya başlarına zərbə endirilməsi yolu ilə öldürüldüyünü bildirirlər.
Tədqiqatçılar hesab edirlər ki, qədim Misirdə pişiklərin həyatı dini ehtiramla yanaşı, xəstəlik, zorakılıq və ağır saxlanma şəraiti ilə də müşayiət olunub.