Özbəkistan və Azərbaycan cümə günü Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP31)çərçivəsində 2027–2029-cu illəri əhatə edən birgə ekoloji layihələr portfelinin hazırlanmasını müzakirə ediblər. Layihələr su ehtiyatlarının idarə edilməsi, havanın keyfiyyəti, tullantıların idarə olunması və Mərkəzi Asiya – Azərbaycan enerji dəhlizinin ekoloji aspektlərini əhatə edəcək.
Bu barədə Özbəkistanın Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə Özbəkistan Prezidentinin ekologiya məsələləri üzrə müşaviri, Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Əziz Abdühakimov və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov iştirak ediblər.
Tərəflər ümumi ekoloji və iqlim problemlərini, eləcə də birgə təşəbbüslər vasitəsilə ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Aral dənizinin sahəsinin kiçilməsinə və Xəzər dənizində su səviyyəsinin azalmasına xüsusi diqqət yetirilib. Bildirilib ki, bu proseslər səhralaşmaya, torpaqların deqradasiyasına və şoranlaşmasına, həmçinin qum, toz və duz fırtınalarının tezliyinin artmasına səbəb olur. İştirakçılar qeyd ediblər ki, coğrafi şəraitdəki fərqlərə baxmayaraq, hər iki ölkə əlaqələndirilmiş regional tədbirlər tələb edən oxşar ekoloji təhdidlərlə üzləşir.
Ə.Abdühakimov Özbəkistanın Aralətrafı bölgənin ekosistemlərinin bərpası istiqamətində gördüyü işlər barədə məlumat verib. O bildirib ki, Aral dənizinin qurumuş dibinin 2 milyon hektardan çox ərazisində qoruyucu meşə zolaqları salınıb.
Bundan əlavə, o, Özbəkistanda yerləşən "Green University" nəzdində səhralaşmaya qarşı mübarizə üzrə regional elmi-tədqiqat mərkəzinin yaradılmasını təklif edib. Mərkəzin 15 ixtisaslaşmış laboratoriyanı, peyk məlumatları və coğrafi informasiya sistemlərindən (CİS) istifadə etməklə işləyən rəqəmsal monitorinq sistemini, həmçinin quraqlığa davamlı bitkilərin genetik bankını əhatə etməsi nəzərdə tutulur.
Tərəflər su səviyyəsinin azalmasına məruz qalan daxili dənizlərin və digər su hövzələrinin mühafizəsi üzrə birgə təşəbbüsün həyata keçirilməsi imkanlarını da müzakirə ediblər. Əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi, birgə ekoloji monitorinq, sahilyanı və qurumuş ərazilərin bərpası, eləcə də beynəlxalq platformalarda fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutula bilər.
Özbəkistan azərbaycanlı alimləri planlaşdırılan mərkəzin elmi-tədqiqat işlərində iştirak etməyə dəvət edib. Bu işlərə çöl tədqiqatları, Aral dənizinin qurumuş dibinin monitorinqi və toz fırtınaları ilə bağlı erkən xəbərdarlıq sistemlərinin hazırlanması daxildir.
Tərəflər, həmçinin 2027–2029-cu illər üçün su ehtiyatlarının idarə edilməsi, havanın keyfiyyətinin yaxşılaşdırılması, tullantıların idarə olunması və Mərkəzi Asiya – Azərbaycan enerji dəhlizinin inkişafında ekoloji aspektlərin nəzərə alınması sahələrində birgə layihələr portfelinin hazırlanması imkanlarını nəzərdən keçiriblər.
Görüşdə COP31 çərçivəsində iki ölkənin mövqelərinin uzlaşdırılması, xüsusilə iqlim dəyişikliyinə uyğunlaşma və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşməsinə çıxış imkanlarının genişləndirilməsi məsələləri də müzakirə olunub.
Görüşün yekununda Əziz Abdühakimov Azərbaycanı 2027-ci il iyunun 15-17-də Daşkənddə keçiriləcək Eco Expo Central Asia 2027 beynəlxalq sərgisində iştirak etməyə dəvət edib. O, həmçinin Azərbaycan nümayəndə heyətini Özbəkistana və "Green University"yə səfərə dəvət edib.