Bakı, 13 noyabr, AZƏRTACDünya İqtisadi Forumunun və “Boston Consulting Group” şirkətinin yeni hesabatına görə, iqlim dəyişmələrinə uyğunlaşma və dayanıqlılığın artırılmasını dəstəkləyən 10 prioritet məhsul və xidmət alt sektorunun illik qlobal bazar həcmi 1 trilyon dolları ötür. AZƏRTAC xəbər verir ki, “Uyğunlaşma iqtisadiyyatı: dayanıqlılıq üçün trilyon dollarlıq bazarın formalaşdırılması” adlı hesabat iqlim dəyişmələrinin iqtisadi təsirlərinə qarşı hazırlanmış məhsul və xidmətlərin yaratdığı qlobal bazarın həcmini və inkişaf potensialını ortaya qoyur. COP31 çərçivəsində dərc olunan hesabata əsasən, iqlim şəraitinə davamlı kənd təsərrüfatı resurslarından tikinti materiallarına, sığorta məhsullarından su və enerji idarəetmə sistemlərinədək geniş sahəni əhatə edən bu istiqamətlər üzrə tələbatın 2030-cu ilədək artacağı gözlənilir.Tədqiqat çərçivəsində təhlil olunan müstəqil araşdırmalar iqlim dəyişmələrinə uyğunlaşma məqsədilə yatırılan hər 1 dolların qarşısı alınan itkilər və əldə edilən iqtisadi faydalar hesabına 2-43 dollar arasında gəlir təmin edə biləcəyini göstərir. Bununla belə, uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi ümumi iqlim maliyyələşməsinin yalnız 3 faizini təşkil edir.İqlim şəraitinə davamlı kənd təsərrüfatı resurslarının qlobal bazar həcminin illik mürəkkəb artım tempi 6-7 faiz olmaqla, 2030-cu ildə 340-400 milyard dollara çatacağı proqnozlaşdırılır. İqlim dəyişmələrinə davamlı tikinti materialları bazarının isə illik 6-8 faiz artımla 2030-cu ilədək 330-370 milyard dollar təşkil edəcəyi gözlənilir.Həddindən artıq yüksək temperaturun təsirlərinə qarşı istifadə olunan aktiv və passiv soyutma həlləri də əhəmiyyətli bazar potensialına malikdir. Bu sahədə xüsusilə binaların mexaniki soyutma sistemlərinə ehtiyacını azaldan passiv həllər diqqət çəkir. Passiv soyutma bazarının 2025-ci ildəki 30-35 milyard dollarlıq həcmindən illik 11-13 faiz artımla 2030-cu ildə 50-58 milyard dollara çatacağı proqnozlaşdırılır.Hesabata görə, iqlim risklərinə qarşı ehtiyac hər zaman məhsul və xidmətlərə real tələbatla nəticələnmir. İqlim riskləri barədə məlumatlılığın yetərli olmaması və onların idarə olunması üzrə məsuliyyətin öz üzərinə götürülməməsi, mövcud həllər haqqında məlumat çatışmazlığı, məhsul və xidmətlərə çıxış və tətbiq çətinlikləri, investisiyaların iqtisadi səmərəsinin kifayət qədər əsaslandırılmaması, eləcə də ilkin investisiya xərclərinin yüksəkliyi və maliyyə resurslarına çıxış problemləri bazarın inkişafını məhdudlaşdıran beş əsas maneədir.Araşdırmada mövcud maneələrin aradan qaldırılması və iqlim dəyişmələrinə uyğunlaşma həllərinə tələbatın artırılması üçün beş əsas mexanizm müəyyənləşdirilib. Bunlara siyasət və tənzimləmə tədbirləri, texnologiya və innovasiyalar, məlumat, bilik və maarifləndirmə, tələbatın birləşdirilməsi və koordinasiya, eləcə də maliyyə və kapitala çıxışın asanlaşdırılması daxildir.Hesabata görə, iqlim dəyişmələrinə uyğunlaşma investisiyaları yalnız ekoloji risklərin idarə olunması baxımından deyil, həm də şirkətlərin istehsalın fasiləsizliyinin təmin edilməsi, aktivlərinin qorunması, təchizat zəncirlərinin təhlükəsizliyi və xərclərin idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Həddindən artıq istilər, su qıtlığı, daşqınlar və fırtınalar kimi risklərə qarşı hazırlanan həllər kənd təsərrüfatında məhsuldarlığın qorunmasından sənaye müəssisələrində sudan təkrar istifadəyə, binaların dayanıqlılığının artırılmasından enerji təchizatının fasiləsizliyinin təmin edilməsinədək müxtəlif iqtisadi ehtiyaclara cavab verir.Eyni zamanda, iqlim dəyişmələrinə uyğunlaşma həllərinə artan tələbatın ödənilməsi üçün dövlət qurumlarının, biznes subyektlərinin və maliyyə institutlarının birgə fəaliyyətinin vacibliyi vurğulanır.