Bakı, 13 noyabr, AZƏRTAC Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli süd istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirib. Görüşdə ölkənin müxtəlif regionlarından olan süd istehsalçıları, emal müəssisələrinin nümayəndələri və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iştirak ediblər.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə süd istehsalı və emalı sahəsində mövcud vəziyyət, istehsalçıların bazara çıxış imkanları, yerli xammalın emal müəssisələrinə tədarükü, məhsulun keyfiyyət göstəriciləri və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İştirakçılar öz təcrübə və təkliflərini bölüşüb, fəaliyyətləri zamanı qarşılaşdıqları məsələləri diqqətə çatdırıblar. Emal müəssisələrinin nümayəndələri xammalın keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasının vacibliyini vurğulayıblar.Nazir müavini Seymur Səfərli qeyd edib ki, Aqrar Subsidiya Şurasının yeni qərarı ilə subsidiya mexanizmlərində və şərtlərində dəyişikliklər təsdiqlənib. Ölkədə süd istehsalının artırılması, emal müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və sahədə uçot sisteminin təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq. Diqqətə çatdırılıb ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi qeydiyyatdan keçmiş süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə görə 7 qəpik, hər tonuna görə isə 70 manat subsidiya ödəniləcək. Kooperativlər vasitəsilə təhvil verilən südə görə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Dəstək EKTİS-də müvafiq bəyanların təqdim edilməsi, heyvanların identifikasiyası, sığortalanması, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərtlərinə əsaslanacaq.Sonda nazir müavini müzakirələr zamanı səsləndirilən təkliflərin və qaldırılan məsələlərin hərtərəfli araşdırılması, eləcə də müvafiq istiqamətlər üzrə təhlillərin aparılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib.Görüşdə, həmçinin süd istehsalçıları ilə emal müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin, yerli süd məhsullarının bazara çıxış imkanlarının genişləndirilməsinin və sahənin mövcud potensialından səmərəli istifadənin vacibliyi vurğulanıb.