Bakı, 13 noyabr, AZƏRTAC Bu gün qarşımızda duran ən vacib məsələlərdən biri mədəniyyətimizin dünya miqyasında tanıdılmasıdır.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirilən ictimai dinləməsində deyib.O bildirib ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatı nəticəsində qazanılan qələbələr Azərbaycanın beynəlxalq nüfuzunu artırıb və ölkəmizi dünyada söz sahibinə çevirib. Hazırda Azərbaycanın siyasəti, iqtisadiyyatı və hərbi qüdrəti beynəlxalq səviyyədə nəzərə alınır.“Bir mədəniyyət xadimi kimi istərdim ki, dünya Azərbaycanın mədəniyyəti ilə də hesablaşsın. Bu gün iqtisadiyyatımız inkişaf edir, ordumuz güclüdür, siyasətimiz düzgün istiqamətdə aparılır. Lakin mədəniyyətimizi hələ istədiyimiz səviyyədə dünyaya tanıda bilməmişik”, - deyə Anar Rzayev qeyd edib.