Yasda yemək mərasimi: qadağa olsunmu?…

Jurnalist Hikmət Sabiroğlu hesab edir ki, yas məclislərində yemək verilməsini yığışdırmağın yeganə yolu buna rəsmən qadağa qoymaqdır.

Yasda yemək ehsanından giley çox olsa da, məsələ həllini tapmır, hüzr məclislərinin çay süfrəsi ilə məhdudlaşmasına lokal təşəbbüslər yayğın hal almır. Bu yöndə ictimai çağırışlar, din xadimlərinin tövsiyəsi gözlənən faydanı vermir.

Medianews.az-a danışan Hikmət Sabiroğlunun fikrincə, keçmiş təcrübə rəsmi qadağadan başqa hər hansı üsulun effekt verməyəcəyinə dəlalət edir. 2014-cü ildə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının birgə öncüllüyü ilə yas məclislərinin nizamlanması kampaniyasının başlandığını yada salan Hikmət Sabiroğlu deyir ki, o vaxt çox yaxşı nəticələr vardı, əksər yerlərdə ehsan çay süfrəsi ilə məhdudlaşırdı: “Təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsinin və yas biznesinə bağlı məmurların müqaviməti üzündən bu ictimai-inzibati kampaniya yarımçıq qaldı.

Yas mərasimlərinin kütləvi yemək məclislərinə dönməsi çox ağrılıdır. Hər vaxt çalışıram hüzr məclislərinə ya yeməkdən əvvəl, ya sonra gedim, çünki o mənzərə adamın əsəblərinə toxunur. Hətta cavan adamların yasında da ehsan həşiri yaşanır, dərd-sər bir qıraqda qalır...

Bu barədə çox danışılıb. Hər üzünə düşünəndən, götür-qoy eləyəndən sonra belə qənaətə gəlirsən ki, Azərbaycanda yemək ehsanını yığışdırmağın tək yolu dövlətin qadağa qoymasıdır. İctimai səviyyədə tənzimləmə baş tutmursa, əlac buna qalır”.

Dövlətin bu məsələyə inzibati qaydada müdaxilə etməsi, yəni yas mərasimlərinin rəsmən tənzimlənməsi, yemək ehsanının yasaqlanması mümkündürmü?

Medianews.az bu suallarla qanunverici hakimiyyətin təmsilçilərinə müraciət edib.

Parlamentdə 46 saylı Sumqayıt dairəsini təmsil edən filologiya elmləri doktoru Elnarə Akimova deyir ki, yas mərasimlərində yemək ehsanı məsələsinə ilk növbədə inzibati qadağa prizmasından deyil, maarifləndirmə, dini izah və ictimai düşüncənin dəyişməsi baxımından yanaşmaq lazımdır: “Əsrlər boyu formalaşmış adət-ənənələrdən birdən-birə imtina asan deyil. Adamlar ehsan xərcinin ağırlığından narazıdırlar, amma cəmiyyətin gözləntisi, qohum-qonşunun münasibəti, “el nə deyər?” düşüncəsi onları həmin ənənəni davam etdirməyə vadar edir. Yəni burada təkcə yemək vermək məsələsi deyil, həm də ictimai psixologiya və sosial təzyiq amili var.

Məsələyə birtərəfli yanaşmaq da düzgün olmaz. Bəziləri yas mərasiminə uzaq məsafələrdən gəlir, saatlarla yol qət edirlər. Hüzr sahibi də onları ehtiramla qarşılamaq istəyir. Bu, israfçılıq niyyətindən deyil, qonağa hörmət və insani münasibətdən irəli gəlir. Belə halları da nəzərə almaq lazımdır.

Burada əsas məsuliyyət, məncə, Qafqaz Müsəlmanları İdarəsinin, din xadimlərinin və dini icmaların üzərinə düşür. Çünki insanlar dini məsələlərdə din xadimlərinin mövqeyinə müəyyən qədər həssas yanaşırlar. QMİ bu məsələyə dair aydın, vahid və cəmiyyətə çatdırılan dini mövqe ortaya qoymalı, ehsanın mahiyyətini izah etməlidir. Ehsan mütləq yas süfrəsində yemək vermək demək deyil. Ehtiyacı olana yardım etmək, xeyriyyəçilik etmək, bir insanın xatirəsini yaxşılıqla yaşatmaq da ehsandır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə maarifləndirmə işini gücləndirə bilər.

Məncə, QMİ-nin bu barədə ümumi fətva və ya rəsmi dini tövsiyə ilə çıxış etməsi faydalı ola bilər. Qeyd olunmalıdır ki, yas mərasimində yemək vermək dini borc, mərhumun ailəsinin üzərinə düşən məcburiyyət deyil. Əksinə, yasın əsas məqsədi dünyasını dəyişən insanı ehtiramla yad etmək, ailəsinə mənəvi dəstək göstərməkdir.

Dövlətin inzibati qadağasına gəlincə, bunu ilk və əsas həll yolu hesab etmirəm. Çünki hüquqi məcburiyyət bəzən cəmiyyətdə müqavimət də yaradır. Üstəlik, mövcud qanunvericilikdə yas və ehsan mərasimləri digər kütləvi dini mərasimlərdən ayrıca istisna kimi göstərilir. Buna görə də ölkə üzrə ümumi qadağa tətbiq etmək üçün ayrıca hüquqi əsaslandırma və qanunvericilik mexanizmi tələb olunar.

Mənim təklifim odur ki, ilk növbədə ölkə üzrə ictimai razılaşma formalaşdırılsın: yas mərasimləri sadə çay süfrəsi ilə keçirilsin, uzaq məsafədən gələn insanların ehtiyacı nəzərə alınsın, zərurət yaranarsa, onlara sadə şəkildə yemək təqdim edilməsi ailənin şəxsi seçimi olsun. Amma bu, heç bir halda dəbdəbəli süfrəyə, çeşid-çeşid yeməklərə və ailənin maddi imkanlarını aşan xərclərə çevrilməməlidir.

Ən vacib məsələ isə insanların düşüncəsindəki “yasda mütləq yemək verilməlidir” qənaətini dəyişməkdir. Biz elə bir ictimai düşüncə formalaşdırmalıyıq ki, heç kim yemək vermədiyinə görə qınanmasın, heç kim də başqalarından geri qalmamaq üçün borca düşməsin. İnsanların yas mərasimində bir-birinə göstərdiyi ən böyük ehtiram süfrənin zənginliyi deyil, mərhumun ailəsinə verdiyi mənəvi dəstəkdir. Ehsanın dəyəri süfrənin bolluğu ilə deyil, edilən yaxşılığın mahiyyəti ilə ölçülür”.

54 saylı Mingəçevir dairəsindən deputat, siyasi elmlər namizədi Aydın Mirzəzadə deyir ki, son dövrlərdə yas məclislərində süfrəyə yalınız çay və şirniyyat qoymağın tərəfdarı olanların sayı artır: “Ən vacibi də odur ki, təşəbbüs əhalinin özündən gəlir. Bu üsul yas sahibinin böyük xərcə düşməsinin qarşısını alır və insanlar arasında sosial bərabərsizliyi aradan götürür. Hesab edirəm ki, belə məsələdə inzibati məcburiyyətin tətbiqinə heç bir ehtiyac yoxdur. Artıq yas məclisini yeni qaydalarla vermək ənənəsi cəmiyyətin özündə daha çox tərəfdar tapır”.