Naxçıvan, 13 noyabr, AZƏRTAC Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması və bu münasibətlə beynəlxalq elmi konfransın təşkili böyük memarın irsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Əcəmi Naxçıvaninin yaradıcılığı yalnız Azərbaycan və Naxçıvanın deyil, bütövlükdə dünya memarlıq tarixinin mühüm səhifələrindən biridir. Memarın sənətinin təsirlərinə müxtəlif ölkələrin memarlıq abidələrində və elmi tədqiqatlarında rast gəlinməsi onun yaradıcılığının beynəlxalq əhəmiyyətini təsdiqləyir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunan “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfransa ev sahibliyi qədim diyarın zəngin tarixi-memarlıq irsinin dünyada tanıdılması baxımından xüsusi əhəmiyyətə malikdir: "Beynəlxalq konfransda dünyanın 9 ölkəsindən, o cümlədən Türkiyə, Çin, Qazaxıstan, Özbəkistan və Avstriyadan alim və mütəxəssislər iştirak edirlər. Bununla yanaşı, Azərbaycanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrini təmsil edən alimlərin məruzələri dinlənilir". Rektor yubiley çərçivəsində universitetdə həyata keçirilən tədbirlərdən də danışıb. Bildirib ki, konfrans müddətində tələbələrin hazırladığı 500-ə yaxın rəsm əsəri və əl işi sərgilənir. Eyni zamanda, yubiley münasibətilə universitet alimlərinin müəllifi olduqları monoqrafiyalar, dərsliklər və digər elmi nəşrlər təqdim olunur. Elbrus İsayev vurğulayıb ki, iki gün davam edəcək beynəlxalq elmi konfrans Azərbaycan və Naxçıvan memarlıq məktəbinin beynəlxalq nüfuzunun yüksəldilməsinə, bu sahədə elmi əlaqələrin genişləndirilməsinə, eləcə də gənc memarların milli memarlıq irsimizi daha dərindən öyrənməsinə mühüm töhfə verəcək. Qeyd edək ki, UNESCO-nun 2026-cı il üzrə Yubileylər Proqramına daxil edilən beynəlxalq konfransa 25 elm və təhsil müəssisəsini təmsil edən 118 tədqiqatçı tərəfindən 90-dan çox elmi məqalə və tezis təqdim olunub. Elmi müzakirələr hibrid formatda 6 zalda, 3 panel müzakirəsi və 7 elmi bölmə üzrə təşkil edilib. Müxbir- Nail Əsgərov