Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kulis.az "Loqlayn" layihəsində Terri Qilyamın "Brazil" filmi haqqında məqaləni təqdim edir.

Hər şeyin kağızlarla, arayışlarla, möhürlərlə və nizamnamələrlə idarə olunduğu, nəhəng və yarıtmaz bir dövlət aparatının içindəsiniz. Havadan, sudan tutmuş, ən kiçik məişət probleminə qədər hər şey üçün rəsmi, üç nüsxəli forma doldurmalısınız. Və bir gün, kimsəsiz bir ofisdə, tavandan uçan ölü bir milçək printerin içinə düşür. Bu kiçik, cılız həşərat çap olunan rəsmi sənəddəki bir hərfi dəyişdirir. Cəmi bir hərfi! “T” hərfi olur “B”. Və bu kiçik, mənasız, absurd xətaya görə xüsusi təyinatlı qüvvələr gecənin bir aləmində tamamilə günahsız bir adamın, cənab Batlın evinə basqın edir, onu ailəsinin gözü qarşısında torbaya salıb aparır və sorğu-sual otağında işgəncə ilə öldürürlər. Sistem isə səhvini etiraf etmək, insan həyatının məhv olmasına həssas yanaşmaq əvəzinə, sadəcə bürokratik bir bəhanə uydurub, “kargüzarlıq xərclərini” dul qalmış qadının hesabından çıxmaqla işin içindən sıyrılır.

Belə bir qorxunc, absurd və acınacaqlı dünya yalnız bir rejissorun, sənət tarixinin ən böyük xəyalpərəstlərindən və ən kəskin satiriklərdən biri olan Terri Qilyamın beynindən çıxa bilərdi. 1985-ci ildə ekranlara çıxan "Brazil" (Braziliya) filmi distopiya janrının ən uğurlu nümunələrindəndir. Corc Oruellin "1984" romanındakı totalitarizm kabusunu, Frans Kafkanın "Məhkəmə"indəki bürokratik çıxılmazlığı götürün, onun üzərinə Qilyamın "Monty Python" qrupundan gələn qara yumorunu və qrotesk estetikasını əlavə edin, qarşınızda "Brazil"in o bənzərsiz, boğucu dünyası canlanacaq.

Filmin şah damarında sıravi, kiçik, heç bir ambisiyası olmayan bir məmur olan Sem Lauri dayanır. Sem klassik məğlubedilməz kino qəhrəmanlarına qətiyyən bənzəmir. O, böyük inqilabçı deyil, sistemi çökdürmək istəmir. Əksinə, o, İnformasiya Nazirliyinin küncündə, kiçik, pəncərəsiz ofisində öz monoton işini görməkdən, məsuliyyətdən qaçmaqdan, anasının və yüksək rütbəli dostlarının onu vəzifədə irəli çəkmək cəhdlərindən boyun qaçırmaqdan məmnundur. O, reallıqda itaətkar bir kölədir. Ancaq Semin başqa bir dünyası var. Biz film boyu tez-tez Semin möhtəşəm, vizual olaraq Vaqner operalarını xatırladan yuxularına, daxili qarabasmalarına şahid oluruq. O xəyallarda Sem sıravi məmur deyil, gümüşü, mexaniki qanadları olan bir qəhrəmandır, buludların üzərində süzür və divlərə, qaranlıq qüvvələrə qalib gələrək sarışın, ilahə kimi bir qızı xilas edir.

Rejissor reallığın bozluğu, çirkinliyi, çirkabı ilə xəyalların romantikası, əzəməti arasındakı kontrastı tamaşaçının beyninə mismarlayır. Filmin ən dərin psixoloji sualı da elə burada yaranır: Sən yalnız yuxularında azadsansa, gerçək həyatda sistemin çarxlarından biri olmağa dözə bilərsənmi? Sem bu sualın cavabını qurban getmiş günahsız Batlın dul arvadına kompensasiya çekini apararkən tapır. O, yuxularında hər gecə gördüyü o sarışın, ilahə qızı, Cil Leytonu reallıqda, həm də o binanın dəhlizində görür. Və kiçik insanın böyük məhvi də məhz bu eşqlə, reallıqla xəyalın toqquşması ilə başlayır.

Qilyam filmdə elə bir dünya qurub ki, kinoşünaslar sonradan bu stili "retro-futurizm" adlandırdılar. Bu, gələcəyin necə olacağı haqda 1940-cı illərin, İkinci Dünya müharibəsi dövrünün darıxdırıcı təsəvvürüdür. Ekranda müasir holoqramlar, ağıllı telefonlar yoxdur. Əksinə, hər şey mexanikidir, səs-küylüdür, yöndəmsizdir. Kompüterlər köhnə yazı makinaları ilə kiçik, qabarıq lupa ekranlarının birləşməsindən ibarətdir. Məmurlar düymələri tıqqıldadarkən sanki dəmir döyürlər.

Amma filmin ən böyük vizual metaforası heç şübhəsiz ki, borulardır. Diqqət etsəniz, "Brazil"in dünyasında hər yerdə, elit restoranlarda, yataq otaqlarında, ofislərdə, dəhlizlərdə tavandan, divarlardan, yerdən keçən nəhəng, paslı, rezin və ya metal havalandırma, istilik boruları var. Onlar sanki canlı orqanizmdirlər, daima xırıldayırlar, sızıldayırlar, yeri gələndə partlayırlar. Bu borular sistemin fərdin şəxsi həyatına necə kobudcasına nüfuz etdiyinin simvoludur. Dövlət sənin otağının tən ortasından öz borusunu keçirir və sən bunu təmir etmək üçün Mərkəzi Xidmətə müraciət etməlisən, günlərlə rəsmi cavab gözləməlisən.

Məhz bu nöqtədə hekayənin ən parlaq, ən anarxist obrazı meydana çıxır: Arçibald Tatl. Robert De Nironun xüsusi enerji ilə canlandırdığı bu personaj əslində istilik sistemi mühəndisidir. Amma o, sistemdən, Mərkəzi Xidmətdən qaçan, evlərə pəncərədən gizlicə daxil olub qanunsuz, heç bir kağız-kuğuzsuz boru təmir edən bir "terrorçu"dur. Təsəvvür edirsiniz? Cəmiyyətdə elə bir totalitarizm hökm sürür ki, adi bir santexnikin müstəqil işləməsi, dövlətin icazəsi olmadan vətəndaşın problemini həll etməsi ən böyük cinayət, ən radikal anarxiya hesab olunur. De Nironun Tatlı qara maskası, alətlərlə dolu kəməri, daima tələsən ritmi ilə ləng, ölüvay bürokratların tam əks qütbündə dayanır. O, əsl azadlığın illüziyası, əlinə silah yox, qayka açarı almış bir partizandır.

Filmin paralel olaraq inkişaf edən digər qatı isə cəmiyyətin yuxarı təbəqəsinin reallıqdan nə qədər qopduğunu, necə sürətlə çürüdüyünü qrotesk bir dillə nümayiş etdirməsidir. Semin anası İda və rəfiqələri daima plastik cərrahlara gedirlər. Rejissor plastik cərrahiyyə prosesini o qədər iyrənc, o qədər qaniçən bir qəssablıq kimi göstərir ki, adamın ürəyi bulanır. İdanın üzü sanki rezin kimi dartılır, yanaqları qulaqlarına tikilir, amma o, öz qocalığını inkar edir. Bu, sadəcə qadın kaprizi deyil, bütövlükdə o dövlətin, cəmiyyətin fəlsəfəsidir. Filmin əsas səhnələrindən birində Sem anası ilə bahalı bir restoranda yemək yeyərkən yanlarındakı masada terror aktı baş verir, bomba partlayır, hər tərəf qana, alova bürünür. Amma ofisiantlar dərhal zədələnmiş masanın qarşısına kiçik bir lövhə çəkirlər, orkestr isə heç nə olmamış kimi musiqi çalmağa davam edir, ziyalılar qan gölünün bir addımlığında şampan içib gülümsəyirlər. Faciəni inkar etmək, "təki mənim rahatlığım pozulmasın" eqoizmi filmin ən ağır ictimai diaqnozlarından biridir.

Süjet inkişaf etdikcə Semin Cillə olan münasibəti xəyal etdiyi kimi romantik olmur. Cil heç də o sarışın, zərif yuxu ilahəsi deyil, o, qısa saçlı, kobud, yük maşını sürən, hər an döyüşməyə hazır olan və qonşusu cənab Batlın haqsız ölümünü araşdırmağa çalışan real, üsyankar bir qadındır. Sem bu qadını qorumaq, onu İnformasiya Nazirliyinin ölüm siyahısından silmək üçün işdəki səlahiyyətlərindən sui-istifadə edir. Özü də bilmədən nifrət etdiyi sistemin qaydalarını sındırır və bir məmurdan vətən xaininə çevrilir. Sevgi onu passivlikdən fəaliyyətə keçməyə məcbur edir, di gəl ki, qəddar dünyada sevginin özü də ən böyük zəifliyə çevrilir.

Sem həbs olunur. O, cəmiyyətin qoruyucusu adlandırılan, əslində isə böyük bir işgəncə maşını olan İnformasiya Nazirliyində stula bağlanır. Və o, işgəncəçisini, onu doğrayıb məhv edəcək cəlladını gözləyir. Qapı açılır və içəri Semin ən yaxın dostu, hər zaman zarafatlaşdığı, ailəcanlı cənab Cek Lint daxil olur. Cek filmlərdə görməyə vərdiş etdiyimiz cəlladlara bənzəmir, o yaraşıqlıdır, təmiz kostyum geyinib, evdə kiçik qızı ilə oynayan qayğıkeş atadır. O, Semin qarşısına gəlir və şirin dillə, sanki adi bir həkim müayinəsi edirmiş kimi "Sem, mənim üçün vəziyyəti çətinləşdirmə, etirafları imzala" deyir. Sonra isə üzünə qorxunc, balaca körpə maskası taxaraq işgəncə alətlərini hazırlayır.

Ən qorxunc şər dişlərindən qan damlayan vəhşilər tərəfindən yox, sadəcə öz işini yerinə yetirən, evdə yaxşı ata, yaxşı ər olan məmurlar tərəfindən törədilir. Cek üçün Semin dırnaqlarını kəlbətinlə çəkmək sadəcə bürokratik bir tapşırıqdır, işin bir hissəsidir.

Bu dəhşətli anın tam ortasında birdən möcüzə baş verir. Arçibald Tatl və onun kəndirbaz partizanları tavandan asılaraq içəri daxil olur, Cek Linti öldürür, Semi xilas edirlər. Onlar nazirliyi partladır, bütün kağızları, sənədləri havaya sovururlar. Sem qaçır, Cili tapır, bir yük maşınına minirlər və bu çirkli, beton şəhərdən qaçaraq yamyaşıl, nağılvari bir təbiətin qoynuna, azadlığa yollanırlar. Tamaşaçı ekranda bu xilası izlədikcə dərindən nəfəs alır, ədalətin zəfər çaldığına sevinir.

Amma və lakin Terri Qilyam tamaşaçıya o klassik Hollivud təsəllisini vermir. Qəfildən, ən gözəl musiqinin, ən xoşbəxt mənzərənin içində kadr kəskin şəkildə dəyişir. Kamera geriyə doğru dartılır. Yamyaşıl təbiət, xoşbəxtlik, xilas olan Cil qeyb olur. Biz yenidən o dəhşətli işgəncə otağındayıq. Sem hələ də stula bağlanıb. Heç bir hücum olmayıb, heç kim onu xilas etməyib. Onun bədəni işgəncədən darmadağın olub. Gözləri irəliyə, boşluğa dikilib və dodaqlarında axmaq, mənasız bir təbəssüm donub. O, məşhur "Aquarela do Brasil" mahnısını yavaşca zümzümə edir. Cek Lint və müdiri Semin başının üstündə durub ona baxırlar. "O, artıq getdi," – deyir Cek. "Bəli, o, bizdən qaçıb qurtuldu," – müdiri təsdiqləyir və otaqdan çıxırlar.

Qilyam bizə deyir ki, tamamilə qapalı, hər şeyi nəzarətdə saxlayan, fərdi əzib keçən mütləq rejimdə fiziki qurtuluş mümkünsüzdür. Ədalət qalib gəlmir. Belə bir cəhənnəmdə insanın sistemdən qaça biləcəyi, əlçatmaz olduğu yeganə yer onun öz dəliliyidir, parçalanmış, şizofreniyaya qərq olmuş ağlıdır. Sem qalib gəldi, çünki sistem artıq ondan heç nə ala bilməz, o, öz şüurunun qapılarını içəridən kilidləyib açarı atıb. O, xəyallarında Cil ilə xoşbəxtdir, amma reallıqda işgəncə stulunda məhv edilib..

"Brazil" təkcə 80-ci illərin totalitarizm qorxusu deyil, ən kiçik detallarına qədər bügünkü və sabahkı dünyamızın xəbərdarlığıdır. Texnologiyanın həyatımızı asanlaşdırmaq əvəzinə bizi məlumat cəngəlliyində necə boğduğu, rəqəmlərin və formaların insan ləyaqətindən üstün tutulduğu, insanların qorxu içində ancaq süni pozitivliklə yaşamağa məcbur edildiyi bir dünyanın qrotesk inikasıdır.