Bakı, 13 noyabr, AZƏRTAC Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alim, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.Kitabxandan AZƏRTAC-a bildirilib ki, zəngin məzmuna və çoxşaxəli struktura malik elektron məlumat bazasında alimin həyat və fəaliyyətinin əsas tarixlərini əks etdirən xronologiya, tərcümeyi-halı, layiq görüldüyü dövlət təltifləri və mükafatları yer alıb. Kitabxana əməkdaşlarının hazırladığı bazada görkəmli alimin “Erməni saxtakarlığı, plagiatlığı artıq bütün dünyada tanınıb”, “Bakı prosesi ölkəmizin qlobal hədəflərinə söykənir”, “Azərbaycan - dünya mədəniyyətlərini qovuşduran məkan” kimi müsahibələrinin tam mətni ilə yanaşı Sevda xanımın elmi əsərləri, ideya müəllifi və tərtibçisi olduğu nəşrlər, redaktoru və elmi məsləhətçisi olduğu kitablar, mətbuatda dərc edilmiş məqalələri, müsahibələri, onun haqqında yazılan dövri mətbuat nümunələri də təqdim edilib. Azərbaycan elminin və mədəniyyətinin inkişafında mühüm xidmətləri olan Sevda Məmmədəliyevanın zəngin həyat və yaradıcılıq yolunun, elmi irsinin, ictimai fəaliyyətinin və beynəlxalq miqyaslı xidmətlərinin geniş oxucu auditoriyasına çatdırılması məqsədi daşıyan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.