Bakı, 13 noyabr, AZƏRTAC Muğamın yaşadılması və gələcək nəsillərə ötürülməsi bu sənətə könül verən hər kəsin üzərinə mühüm məsuliyyət qoyur. Bu məsuliyyətin daşıyıcıları sırasında gənc istedadları üzə çıxaran, onlara sənətin incəliklərini öyrədən müəllimlər də var. Bəzən bir müəllimin şagirdlərinin ifalarını daha geniş auditoriyaya çatdırmaq arzusu zamanla böyük yaradıcılıq təşəbbüsünə çevrilir. Qarabağın ruhu ilə başlayan sənət yolu, milli musiqiyə bağlılıq və gənc ifaçıları tanıtmaq istəyi də Habil Məmmədovun yaratdığı “Habil müəllim və tələbələri” kollektivinin fəaliyyətinin əsasını təşkil edir.Sosial şəbəkələrdə yayılan ifaları, bir çox ölkələrdə qazandıqları rəğbət, eləcə də müxtəlif konsert və tədbirlərdəki çıxışları ilə tanınan kollektivin yolu illər əvvəl bir müəllimin şagirdlərinin istedadını üzə çıxarmaq təşəbbüsü ilə başlayıb. Bu gün isə həmin fəaliyyət milli musiqimizin təbliğinə, Qarabağ muğam ənənələrinin yaşadılmasına və gənc xanəndələrin tanıdılmasına xidmət edir.AZƏRTAC-ın müxbiri ilə söhbətində Habil Məmmədov sənətə gəlişindən, müəllimlik fəaliyyətindən, kollektivin yaranma tarixindən, beynəlxalq çıxışlarından danışıb. Habil Məmmədovun musiqiyə sevgisi uşaqlıq illərindən formalaşıb. Ailəsində, xüsusilə atasının muğama, klassik ədəbiyyata böyük marağı olub. Evlərində xanəndələrin ifalarını, muğam ifaçılarının lent yazılarını tez-tez dinləyib. Atasının bu sənəti dərindən bilməsi və milli musiqiyə bağlılığı onun dünyagörüşünə də təsirsiz ötüşməyib.İlk vaxtlardan musiqi duyumu və ifa qabiliyyəti hiss olunan Habil sonralar bu marağı peşəkar fəaliyyətə çevirmək qərarına gəlib. Ağdamdan olan müsahibimiz hərbi xidmətini başa vurduqdan sonra kollecə daxil olub. Təhsilini bitirdikdən sonra musiqi müəllimi kimi fəaliyyətə başlayıb. Hazırda o, Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam Rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin Bakı şəhərində fəaliyyət göstərən filialında çalışır. “Əslində, əvvəldən əsas məqsədim musiqi məktəbində müəllim işləmək deyildi. Konservatoriyada təhsil almaq, musiqi sahəsində bilik və bacarıqlarımı daha da inkişaf etdirmək istəyirdim. Lakin müəyyən səbəblərdən pedaqoji fəaliyyətə başladım. Müəllim kimi çalışsam da, musiqiyə olan marağım imkan vermirdi ki, dərslər yalnız ənənəvi tədris prosesi ilə məhdudlaşsın. İstəyirdim ki, məşğələlərimiz daha maraqlı, səmərəli və yaddaqalan olsun. Məktəbdə işlədiyim ilk illərdə istedadlı şagirdlər yetişdirdim. Onlardan bəziləri müxtəlif müsabiqələrdə uğur qazandı. Bu nəticələr məni daha da həvəsləndirdi”, – deyə o bildirir. Müəllimlik fəaliyyətinin ilk illərində şagirdlərinin ifalarını dinləyərkən onların arasında xüsusi istedada malik uşaqların olduğunu görən Habil Məmmədov bu bacarığı daha geniş auditoriyaya çatdırmaq qərarına gəlib: “Bir gün dərs zamanı şagirdlərimdən birinin ifası diqqətimi çəkdi. Həmin an onun ifasını telefonla çəkdim. Daha sonra bir neçə şagirdin və özümün iştirak etdiyim musiqi ifasını da lentə aldıq. Videoları paylaşdıqdan sonra gözləmədiyimiz maraqla qarşılaşdıq. Həmin görüntülər müxtəlif səhifələrdə yayıldı, ifalarımız geniş auditoriyanın diqqətini cəlb etdi. Bundan sonra başqa istedadlı şagirdləri də layihəyə cəlb etdim. Beləliklə, ayrı-ayrı ifalardan başlayan fəaliyyətimiz tədricən qrup şəklində davam edən yaradıcılıq işinə çevrildi”, – deyə Habil Məmmədov qeyd edir.Kollektivin ifaları xüsusilə Türkiyədə böyük maraq doğurub. Bəzi videoların baxış sayı milyonları ötüb. Habil Məmmədovun sözlərinə görə, yaxın vaxtlarda Əhməd Qayanın repertuarından ifa etdikləri mahnılardan biri onun şəxsi “Instagram” səhifəsində 8 milyondan çox baxış toplayıb, paylaşımın altında 32 minə yaxın şərh yazılıb.Kollektiv yalnız Azərbaycan muğamlarını deyil, Türkiyənin xalq musiqi nümunələrini də ifa edir. Bu istiqamətdə Türkiyədən çoxsaylı müraciətlər və dinləyici istəkləri daxil olur. İfaları dinləyən türkiyəli izləyicilər öz milli musiqilərinin də yaşadılmasına töhfə verildiyini bildirir, kollektivə təşəkkür edirlər. İllər ərzində kollektivin fəaliyyəti sosial şəbəkə paylaşımları ilə məhdudlaşmayıb. “Habil müəllim və tələbələri” müxtəlif konsertlərdə, dövlət tədbirlərində və mədəni proqramlarda iştirak edib. Təxminən altı-yeddi ildir Türkiyədə konsert proqramları ilə çıxış edən kollektiv Azərbaycanda Heydər Əliyev Sarayında və Beynəlxalq Muğam Mərkəzində də səhnəyə çıxıb. Şagirdlərin ifaları Azərbaycan və Türkiyə televiziya kanallarında yayımlanıb, xarici ölkələrdən də müsahibə və konsert dəvətləri alıblar. Hazırda kollektivin beynəlxalq fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam edir.Qarabağdan olan musiqi müəllimi üçün bu fəaliyyətin mənəvi tərəfi də xüsusi əhəmiyyət daşıyır. O, Ağdamın və bütövlükdə Qarabağın muğam sənətində zəngin ənənələrə malik olduğunu, bu torpaqdan yetişən çoxsaylı xanəndə və musiqiçilərin Azərbaycan mədəniyyətinə mühüm töhfələr verdiyini vurğulayır. Habil Məmmədov da həmin ənənələrin davamçısı olmaqdan qürur duyur. O, musiqi təhsilinə və gənc istedadların inkişafına göstərilən dövlət qayğısını da yüksək qiymətləndirir. Habil Məmmədov və tələbələri müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edirlər. Noyabrın 8-də Xankəndidə keçirilən rəsmi tədbirdə kollektivin çıxışı da onlar üçün əlamətdar səhnə təcrübələrindən biri olub. Onun sözlərinə görə, bu cür mötəbər tədbirlərdə iştirak gənc ifaçılar üçün milli musiqimizi yüksək səviyyədə təmsil etmək, səhnə təcrübələrini artırmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək baxımından önəm kəsb edir. “Müəllim üçün ən böyük uğur, şübhəsiz ki, yetişdirdiyi şagirdlərdir. Əgər müəllim öz şagirdini inkişaf etdirə, onun istedadını üzə çıxara və sənətdə müəyyən mövqe qazanmasına kömək edə bilirsə, bu, həmin müəllimin ən böyük nailiyyətidir. Şagirdlərimizin səhnədə görünməsi, uğur qazanması, ifaları ilə dinləyicilərin rəğbətini qazanması gördüyümüz işin nəticəsidir. Onların hər bir uğurunu öz uğurumuz hesab edirik”, – deyə o bildirir.Habil Məmmədovun gələcək planları da bu məqsədlə bağlıdır. İndiyədək kollektivin ifaları əsasən türk dünyasında geniş maraq doğursa da, müəllim Azərbaycan musiqisinin bütün dünyada daha geniş tanıdılmasını istəyir. Hazırda yeni layihələr və fərqli təqdimat formaları üzərində düşünürlər. Məqsəd milli musiqimizi beynəlxalq auditoriyaya çatdırmaq, kollektivin yaradıcılıq istiqamətini daha da inkişaf etdirmək və xarici ölkələrdə tanınmasını genişləndirməkdir.Onun ən böyük arzusu yetişdirdiyi gənc ifaçıların sənətdə öz yollarını tapması, muğamın və milli musiqi nümunələrimizin yeni nəsillər tərəfindən yaşadılmasıdır. Çünki müəllimin əməyi zamanla şagirdlərinin uğurlarında, onların səhnədə qazandıqları təcrübədə və milli musiqimizi gələcəyə daşımaq əzmində öz bəhrəsini verir. Müxbir – Gülay Nəzərova Videooperator – Rza Fəttaxov
Habil Məmmədov: Müəllim üçün ən böyük uğur yetişdirdiyi şagirdlərdir
Mənbə: azertag.az/xeber/habil_memmedov_muellim_uchun_en_boyuk_ugur_yetisdirdiyi_sagirdlerdir-4508391