Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Sənəd iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması, siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü və dünyanın aparıcı iqtisadi güclərindən biri olan Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın beynəlxalq mövqelərinə, regional nüfuzuna və investisiya imkanlarına necə təsir göstərəcək? Bu əməkdaşlıq ölkəmizə hansı siyasi, iqtisadi və təhlükəsizlik üstünlüklərini qazandıra bilər?
Politoloq Abutalıb Səmədov Sfera.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Böyük Britaniya ilə strateji tərəfdaşlıq sənədinin imzalanması Azərbaycanın siyasi çəkisinin artmasına və Cənubi Qafqazın lider dövləti kimi mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Onun sözlərinə görə, Böyük Britaniya dünyanın ən nüfuzlu dövlətlərindən və ən böyük iqtisadi güclərindən biridir:
“Bu ölkə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından yeni imkanlar yaradır.
İqtisadi sahədə əsas gözləntilərdən biri Azərbaycana yeni investisiyaların cəlb olunmasıdır. BP şirkəti uzun illərdir ölkəmizdə fəaliyyət göstərsə də, digər Britaniya şirkətlərinin də Azərbaycan bazarına cəlb edilməsi vacibdir. Bu baxımdan yeni neft-qaz yataqlarının işlənməsi, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi mümkündür”.
A.Səmədov hərbi sənaye, kibertəhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın da inkişaf edə biləcəyini vurğulayıb. Bildirib ki, strateji tərəfdaşlıq Azərbaycanın tranzit imkanlarının genişlənməsinə də müsbət təsir göstərə bilər.
Xüsusilə Orta dəhliz vasitəsilə Mərkəzi Asiyadan Avropaya daşınan yüklərin həcminin artması ölkəmizin tranzit əhəmiyyətini yüksəldə, infrastrukturun yenilənməsinə və yeni investisiyaların cəlbinə şərait yarada bilər:
“Sənədin təhlükəsizlik və dövlətçilik baxımından da xüsusi əhəmiyyəti var.
Qonşuluğumuzda Rusiya və İran kimi dövlətlər var. Biz dövlətçiliyimizin və təhlükəsizliyimizin qorunması barədə daim düşünməliyik. Böyük Britaniya ilə imzalanmış bu sənəd təhlükəsizlik sahəsində də Azərbaycanın imkanlarını xeyli artırır”.
Politoloq əlavə edib ki, Azərbaycanın ABŞ və Avropa İttifaqı ölkələri ilə əlaqələrinin genişləndiyi bir dövrdə Böyük Britaniya ilə strateji tərəfdaşlığın qurulması ölkənin beynəlxalq mövqelərini daha da gücləndirə bilər. Onun sözlərinə görə, bu addım Azərbaycanın diplomatiya tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilməlidir.