Bakı, 13 noyabr, AZƏRTAC Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında həyata keçirilən ikili diplom proqramının tələbələri Beynəlxalq Mədəniyyət Festivalında (“International Cultural Festival”) iştirak ediblər. Universitetdən AZƏRTAC-a bildirilib ki, PKTU-da təşkil olunan ənənəvi festival çərçivəsində yaradılan Azərbaycan guşəsində ölkəmizin zəngin mədəni irsi, tarixi və milli adət-ənənələri nümayiş etdirilib. İkili diplom proqramının tələbələri milli geyimlərdə festival iştirakçıları qarşısında çıxış edərək ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumat veriblər. Festivalın bədii proqramı çərçivəsində milli musiqi alətimiz tarda ifa olunan musiqi nümunələri də təqdim edilib. İfa festival iştirakçılarının və xarici qonaqların marağına səbəb olub. Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin nümayəndələri də festivalda iştirak edərək tələbələrə dəstək göstərib və ölkəmizin guşəsi ilə tanış olublar. Qeyd olunub ki, “2+2” modeli əsasında həyata keçirilən ikili diplom proqramı üzrə hazırda BMU-nun 49 tələbəsi təhsilini Pekin Kimya Texnologiya Universitetində davam etdirir.