Belarusdan Ukraynaya mümkün hücum barədə xəbərdarlıq edildi

Ukraynanın Belarusla sərhədində mühəndis-istehkam qurğularının vəziyyəti yüksək səviyyədədir və bu istiqamətdə işlər fasiləsiz davam etdirilir.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko məlumat verib.

“İşlər dayandırılmayıb və məhz bizim bölmələrin məsuliyyət daşıdığı bu istiqamətdə davam etdirilir. Hazırlıq səviyyəsi, ərazinin nə dərəcədə möhkəmləndirildiyi və konkret hansı sahələrin əhatə olunduğu barədə bütün detalları açıqlamayacağam. Amma Belarusla sərhədi olan ölkəmizin bütün vilayətlərində bu işlər kifayət qədər yüksək səviyyədə aparılır və dayandırılmayıb”, - Demçenko bildirib.

Demçenko qeyd edib ki, Belarusla sərhəd Ukrayna üçün təhlükəli olaraq qalır və mümkün hadisələrin istənilən inkişafına hazır olmaq lazımdır:

“Bu istiqamətdə yerləşən hər bir ukraynalı hərbçinin Belarus ərazisindən gələ biləcək istənilən təhlükəyə qarşı mübarizə aparmaq üçün bütün imkanlara malik olması məqsədilə sərhəd xətti boyunca mühəndis-istehkam qurğularımızı daim gücləndirməliyik.

Bu istiqamət bizim üçün hələ də təhlükəlidir. Xoşbəxtlikdən, sərhədin o tayında hansısa fəallıq, eləcə də qüvvə və vasitələr qruplaşmasının artırılması qeydə alınmır. Amma Belarus Kremlinin təsir dairəsində olduğu müddətdə bizim vəzifəmiz istənilən ssenarinin inkişafına hazır olmaqdır”.