Bakı, 13 noyabr, AZƏRTAC Noyabrın 13-də “The Ritz-Carlton” hotelində media nümayəndələri üçün master-klass və kulinariya nümayişi təşkil olunub.AZƏRTAC xəbər verir ki, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bu ölkənin dünya üzrə səfirlikləri, konsulluqları və İtaliya Ticarət Agentliyinin (ITA) nümayəndəlikləri vasitəsilə həyata keçirdiyi təşəbbüsün əsas məqsədi İtaliyanın zəngin qastronomik irsini tanıtmaq, eləcə də italyan ərzaq və şərab məhsullarının beynəlxalq bazarlardakı mövqeyini gücləndirməkdir.Artıq Azərbaycanda İtaliyanın təbliğinə yönəlmiş ənənəvi illik proqramın tərkib hissəsinə çevrilən bu təşəbbüs ölkə mədəniyyətinin ən parlaq nümunələrindən olan zəngin qastronomik irs vasitəsilə iki xalqı daha da yaxınlaşdırmaq üçün mühüm fürsətdir.Tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bildirib ki, builki tədbir 2025-ci ilin dekabrında İtaliya mətbəxinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Qeyd olunub ki, bu tanınma İtaliya kulinariya ənənələrinin zənginliyi və müxtəlifliyi ilə yanaşı, onların arxasında dayanan dəyərləri də təqdir edir. Bunlara ərzaq məhsullarının keyfiyyəti, yerli məhsullara və mövsümiliyə hörmət, dayanıqlılıq, bilik və təcrübənin nəsildən-nəslə ötürülməsi, hər şeydən əvvəl isə yeməyi bölüşmək və süfrə ətrafında bir araya gəlmək ənənəsi daxildir.Səfir vurğulayıb ki, İtaliya mətbəxi sadəcə qastronomik ənənə deyil, həm də milli kimliyin, ölkənin müxtəlif regionlarının və kənd təsərrüfatı istehsalının, eləcə də istehsalçılar, ailə müəssisələri, kiçik və orta sahibkarlıq subyektlərinin nəsillər boyu formalaşdırdığı bilik və bacarıqların ifadəsidir. Bu model ənənə ilə innovasiyanı uğurla birləşdirir və yerli ənənələrə, qonaqpərvərliyə, birgə süfrə mədəniyyətinə dərindən bağlı olan Azərbaycan mətbəxi ilə bir çox ortaq dəyərləri bölüşür.Luka Di Canfrançesko tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.Tədbirin fəxri qonağı İtaliyanın Brusaporto şəhərində yerləşən və üç “Michelin” ulduzuna layiq görülmüş “Da Vittorio” restoranının baş aşpazı Roberto Çereadır. İtaliyalı aşpaz çıxışında İtaliya mətbəxində əsas yemək mərhələlərindən biri olan “primo”dan - makaron və rizottodan bəhs edib.Daha sonra qonaqlar yeməklərin hazırlanma prosesi ilə tanış olublar. Müxbir - Günel Alıyeva Foto - Səfiyar Məcnun