AQP: Ötən ay Azərbaycanın avtomobil bazarında orta qiymət 4 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında Azərbaycanın avtomobil bazarında median qiymət 3,7 % artaraq 19 500 manata çatıb.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) bildirilib.

Məlumata görə, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır.

Hesablamalara görə, oktyabrda bazarda elan sayı 7 % azalaraq 37 531-ə düşüb, orta qiymət isə 1,9 % artımla 30 089 manat təşkil edib. Ucuz seqmentdə "LADA (VAZ)" elanlarının payı 9,4 %-dən 8,8 %-ə, "Kia"nın payı isə 7,5 %-dən 5,7 %-ə enib. Əvəzində "Mercedes", "Hyundai", "Toyota" və "BMW" kimi bahalı markaların xüsusi çəkisinin artması ayrı-ayrı avtomobillər bahalaşmadan ümumi medianı yüksəldib.

Bazar tərkibinin təsirini ayırmaq üçün 2025-ci ilin dekabrı baza götürülməklə hesablanan indekslər real mənzərəni aydın göstərir. Bütün elanları izləyən dəyişən struktur indeksi ay ərzində 3,7 % artaraq 112,7 bəndə, ən çox təklif olunan 9 kütləvi marka-modelin qiymətini ölçən sabit struktur indeksi isə cəmi 0,4 faiz artımla 104,2 bəndə çatıb. Aradakı 3,3 faiz bəndi fərq məhz elan tərkibinin dəyişməsindən qaynaqlanır. Həm sentyabrda, həm də oktyabrda satışda qalan 7156 elanın 39,6 %-də qiymətin endirilməsi, yalnız 8,9 %-də artırılması və bu avtomobillərin orta hesabla 1,5 % ucuzlaşması da bazarda süni bahalaşma olmadığını təsdiqləyir.

Kütləvi seqmentdə sentyabrdakı 1,1 %-lik artımdan sonra oktyabrda qiymətlər sabitləşib. Sabit səbətdəki 9 marka-modeldən "Hyundai Sonata" 2,4 % (23 750 manat), "Ford Fusion" 1,6 % (18 500 manat), "Opel Astra" (9 400 manat) və "Ford Transit" (19 000 manat) 1,1 %, "Hyundai Elantra" isə 0,5 % (21 500 manat) bahalaşıb. "LADA (VAZ) 2107"nin qiyməti 5 500 manatda dəyişməz qalıb. "Kia Sorento" 0,3 % (34 800 manat), "Chevrolet Cruze" 0,7 % (13 300 manat), "Hyundai Santa Fe" isə 1,4 % (28 500 manat) ucuzlaşıb.

Bazarın oktyabr təhlili göstərir ki, təkliflərin 51,2 %-i 20 000 manatdan, 22,9 %-i isə 10 000 manatdan ucuzdur, 50 000 manatdan baha avtomobillərin payı 13 %-dir. Median buraxılış ili 2013-cü il (13 yaş) səviyyəsində qalsa da, median yürüş 3 000 kilometr azalaraq 190 000 kilometrə enib. Ümumi elanların 52,2 %ni 13 yaş və daha köhnə, 16,4 %-ni 3 yaşadək nəqliyyat vasitələri, 8,2 %-ni isə median qiyməti 44 300 manat olan yeni avtomobillər təşkil edir. Elanların 66,9 %-i 23 900 manatlıq median qiymətlə Bakının, qalan hissəsi isə 12 500 manatlıq medianla Sumqayıt (6,6 %) və Gəncə (4,3 %) başda olmaqla bölgələrin payına düşür.

Yanacaq bölgüsündə benzin 66,7 %, dizel 20,4 %, hibrid və elektromobillər birlikdə 12,9 % paya malikdir. Elektromobillər üzrə 496 elan (1,3 %) qeydə alınıb və onların median qiyməti 50 750 manatdır. Ban növündə sedanlar 43,9 %, beşqapılı SUV-lar 29,6 %, transmissiyada isə avtomat sürətlər qutusu 72,2 % üstünlük təşkil edir. Marka reytinqində "Mercedes" (15,1 %), "Hyundai" (10,9 %) və "LADA" (8,8 %) liderdir, Çin markalarından "Changan" (1 463 elan) doqquzuncu pillədə qərarlaşıb, BYD və "Geely" üzrə müvafiq olaraq 348 və 231 elan verilib.

Ən aktiv 120 marka-model üzrə 25 063 elan əsasında qurulan hedonik modelə görə, hər əlavə istismar ili avtomobili 5,8 %, hər 1 000 kilometr yürüş isə 0,037 % ucuzlaşdırır. Mexaniki qutulu avtomobillər avtomatdan 8,3 % ucuzdur. Vuruğu olmayan, lakin rənglənmiş avtomobillərdə qiymət fərqi cüzi (0,2 %) olsa da, vuruğu olub rənglənmiş avtomobillər 7,5 %, təmirsiz qəzalı avtomobillər isə 23,1 % daha ucuz təklif olunur. Buna görə də alıcı və satıcılara ümumi mediana deyil, konkret texniki göstəricilərə əsaslanmaq, qiymətləndiricilərə isə sabit struktur indeksi ilə yenilənmiş hedonik əmsalları nəzərə almaq tövsiyə edilir.

Qeyd edək ki, AQP hər ay dövri olaraq daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır və bu hesabat 2026-cı ilin oktyabr ayı üzrə avtomobil indeksinin nəticələrini əks etdirir.