Ağ Evin ikili taktikası: Vaşinqton Tehranla sülhə gedir, yoxsa yeni hücuma hazırlaşır? – PROQNOZ

“Tramp bir tərəfdən İrana qarşı əməliyyatların vacibliyini vurğulayır, digər tərəfdən diplomatik razılaşmaya ehtiyac duyulduğunu qeyd edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Z. Qarayeva ABŞ-də keçirilən aralıq seçkilərindən sonra ABŞ–İsrail birliyinin İrana qarşı sərgilədiyi fərqli yanaşmanı geniş şərh edib:

“ABŞ və İsraildə seçki nəticələrinin hakim siyasi qüvvələr üçün yaratdığı təzyiqin İrana qarşı hərbi əməliyyatların intensivliyinə təsir göstərməsi mümkündür. Lakin yaranmış durğunluğu yalnız seçki məğlubiyyəti ilə əlaqələndirmək düzgün olmazdı. Burada hər iki ölkənin strateji maraqları və müharibənin mümkün nəticələrinə münasibəti arasında müəyyən fərqlər mövcuddur. Netanyahu İranın hərbi və nüvə potensialının zəiflədilməsi üçün təzyiqlərin davam etdirilməsini prioritet hesab etdiyi halda, Tramp administrasiyası diplomatik razılaşma əldə etməklə həm regional gərginliyi azaltmağa, həm də bunu daxili siyasi auditoriyaya uğur kimi təqdim etməyə çalışa bilər. Tramp üçün yeni genişmiqyaslı müharibə ABŞ iqtisadiyyatına əlavə yük, enerji bazarlarında qeyri-sabitlik və Amerika cəmiyyətində narazılığın artması deməkdir. Xüsusilə seçkilərdən sonra siyasi mövqelərin zəifləməsi fonunda Vaşinqtonun daha ehtiyatlı davranması məntiqlidir. Bununla belə, diplomatiyaya üstünlük verilməsi İrana qarşı hərbi variantdan tamamilə imtina edilməsi anlamına gəlmir”.

Politoloq hesab edir ki, ABŞ hazırda ikitərəfli açıqlamalar verərək hədəf yayındırmağa çalışır:

“Yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyatların başlanması ehtimalını tam istisna etmək olmaz. Əksinə, regionda mövcud vəziyyət olduqca həssasdır və diplomatik prosesin nəticəsiz qalması yenidən hərbi qarşıdurmaya yol aça bilər. Xüsusilə İsrailin mümkün zərbələrə hazırlığı, İranın nüvə proqramı ətrafındakı fikir ayrılıqları və Hörmüz boğazındakı gərginlik riskləri artırır. Bununla yanaşı, Trampın son açıqlamaları onun yalnız diplomatik həllə üstünlük verdiyini söyləməyə əsas vermir. O, bir tərəfdən genişmiqyaslı əməliyyatların zəruri olmadığını bildirir, digər tərəfdən isə İranla razılaşmaya ehtiyac duymadığını bəyan edərək iqtisadi və hərbi təzyiq imkanlarını saxlayır. Hesab edirəm ki, yaxın müddətdə genişmiqyaslı müharibədən daha çox məhdud hərbi zərbələr, iqtisadi blokada və diplomatik təzyiqin paralel davam etməsi ssenarisi ön plana çıxır. Ancaq Netanyahu administrasiyasının sərt mövqeyi və tərəflər arasında mümkün hərbi insident vəziyyəti qısa müddətdə dəyişə bilər. Əsas məsələ odur ki, həm Vaşinqton, həm də Təl-Əviv üçün yeni müharibənin siyasi qiyməti yüksəlib və seçkilərin nəticələri bu reallığı daha da gücləndirib”.