Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən ünvanlı dövlət dəstəyi tədbirlərinin səmərəliliyinin artırılması baxımından ev təsərrüfatlarının vəziyyəti haqqında dolğun və etibarlı məlumatların əldə edilməsi mühüm əhəmiyyət daşıyır.
Azərtac-a istinadən, Azərbaycanda ev təsərrüfatlarının uçotu 1940-cı illərdən kənd, 2012-ci ildən isə şəhər və qəsəbə yaşayış məntəqələrində inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən hər il aparılır. Uçot hər bir ev təsərrüfatı üzrə sorğu əsasında həyata keçirilir, məlumatlar ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyətinə uyğun qeydə alınır. Bu zaman təsərrüfatların istifadəsində və mülkiyyətində olan torpaq sahələri, əmlak və digər müvafiq göstəricilər nəzərə alınır.
Qeyd edilməlidir ki, ev təsərrüfatlarının uçotu uzun illərdir tətbiq olunan ənənəvi uçot tədbiridir. Onun məqsədi əmlakın yoxlanılması və ya mülkiyyət hüquqlarının araşdırılması deyil, ölkə üzrə ev təsərrüfatlarının real vəziyyəti barədə dolğun məlumat bazasının formalaşdırılmasıdır.
Əhalinin demoqrafik və sosial vəziyyətinin öyrənilməsinə xidmət edir
Ev təsərrüfatlarının uçotu nəticəsində əhalinin yaşayış şəraiti, sosial təminatı, məşğulluğu və fərdi təsərrüfat fəaliyyəti, xüsusilə kənd təsərrüfatı ilə bağlı məlumatlar toplanır. Bu məlumatlar dövlət siyasətinin, o cümlədən sosial dəstək tədbirlərinin əhalinin real ehtiyaclarına uyğun planlaşdırılması və həyata keçirilməsi üçün mühüm informasiya mənbəyidir.
Uçot məlumatları ölkədə demoqrafik vəziyyətin, əhalinin sayının və yaş strukturunun, ailə tərkibinin, habelə miqrasiya proseslərinin öyrənilməsinə imkan verir. Eyni zamanda, əhalinin faktiki yaşayış yerləri barədə məlumatların dəqiqləşdirilməsinə, daxili yerdəyişmə və urbanizasiya proseslərinin, kənd və şəhərlərdə məskunlaşma meyillərinin müəyyənləşdirilməsinə xidmət edir.
Xüsusilə ucqar kəndlərdə əhali sayının və daimi yaşayış yerinin dəyişməsinin izlənilməsi baxımından bu məlumatlar əhəmiyyətlidir. Əhalinin faktiki sayı və yaşayış ünvanları barədə məlumatların dəqiqləşdirilməsi seçici siyahılarının aktuallaşdırılması və siyahıyaalma tədbirlərinin düzgün təşkili üçün də mühüm rol oynayır.
Beləliklə, ev təsərrüfatlarının uçotu əhalinin faktiki sosial-demoqrafik mənzərəsinin müəyyənləşdirilməsinə, ölkədə baş verən demoqrafik dəyişikliklərin izlənilməsinə və gələcək inkişaf istiqamətlərinin daha düzgün proqnozlaşdırılmasına imkan verir.
Regional inkişafın planlaşdırılmasında etibarlı informasiya mənbəyi
Yaşayış məntəqələri üzrə sosial-iqtisadi vəziyyətin ətraflı öyrənilməsi regional inkişaf proqramlarının hazırlanmasına, sosial infrastrukturun təkmilləşdirilməsinə və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin real tələbat əsasında planlaşdırılmasına imkan yaradır. Bununla da dövlət resurslarından daha səmərəli istifadə üçün zəruri informasiya bazası formalaşır.
Uçot məlumatları sosial müdafiəyə ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi, onların gəlir və məşğulluq vəziyyətinin qiymətləndirilməsi, eləcə də sosial xidmətlərə əlçatanlığının artırılması baxımından da əhəmiyyətlidir. Bu məlumatlar dövlət dəstəyinin ümumi meyarlar əsasında deyil, yaşayış məntəqələrinin və müxtəlif sosial qrupların konkret ehtiyacları nəzərə alınmaqla həyata keçirilməsinə şərait yaradır.
Bu baxımdan, uçot məlumatları regionların inkişaf potensialının və mövcud problemlərinin müəyyənləşdirilməsinə, infrastruktur layihələrinin ehtiyaclara uyğun planlaşdırılmasına və dövlət investisiyalarının səmərəliliyinin artırılmasına mühüm töhfə verir.
Ünvanlı sosial dəstəyin daha operativ təşkili
Ev təsərrüfatlarının uçotunun elektronlaşdırılması və dövlət informasiya sistemləri ilə inteqrasiyası aidiyyəti dövlət qurumlarının aztəminatlı ailələr və onların sosial vəziyyəti barədə məlumatları operativ əldə etməsinə imkan verəcək. Nəticədə ünvanlı dövlət sosial yardımının və digər dəstək tədbirlərinin ehtiyacı olan şəxslərə yönəldilməsi daha səmərəli təşkil olunacaq.
Bu yanaşma məlumatların əldə edilməsində kənar vasitəçilərə ehtiyacı aradan qaldıracaq, dövlət xidmətlərinə çıxışı asanlaşdıracaq və sosial dəstəyin birbaşa ehtiyac sahibi ailələrə çatdırılmasına şərait yaradacaq. Beləliklə, xidmətlərin keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması üçün əlavə imkanlar yaranacaq.
Nəticədə sosial yardım mexanizmlərinin daha çevik və ünvanlı fəaliyyət göstərməsi, dövlət dəstəyinin həqiqətən ehtiyacı olan ailələrə çatdırılması və sosial ədalət prinsipinin gücləndirilməsi üçün əlverişli şərait formalaşacaq.
Məşğulluq və ailə siyasətinin təkmilləşdirilməsinə töhfə
Uçot nəticəsində əldə edilən məlumatlar əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, fərdi təsərrüfatların və kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi, gəlir mənbələrinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin hazırlanmasına da kömək edəcək.
Bununla yanaşı, həmin məlumatlar gənclər, qadınlar və ailələrlə bağlı dövlət siyasətinin və müvafiq proqramların hazırlanması üçün əsas informasiya mənbələrindən biri olacaq. Qadınların məşğulluğunun artırılması, gənclərin iqtisadi və sosial imkanlarının genişləndirilməsi, demoqrafik inkişafın təşviqi istiqamətində tədbirlərin müəyyənləşdirilməsində uçot məlumatlarından istifadə ediləcək.
Beləliklə, dövlət proqramlarının və sosial-iqtisadi layihələrin real ehtiyaclara uyğun planlaşdırılması, nəticələrinin qiymətləndirilməsi və əhalinin rifahına təsirinin artırılması üçün etibarlı informasiya bazası yaradılacaq.
Bu məlumatlar əmək bazarında mövcud ehtiyacların müəyyənləşdirilməsi, əhalinin iqtisadi fəallığının artırılması və müxtəlif sosial qrupların potensialından daha səmərəli istifadə olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
2027-ci ildən uçot tam elektron qaydada aparılacaq
Ev təsərrüfatlarının uçotunun rəqəmsallaşdırılması prosesi sadələşdirməklə yanaşı, vətəndaşların məlumat təqdim etməsi ilə bağlı inzibati yükünü də azaldacaq. Belə ki, əvvəllər yalnız sorğu yolu ilə toplanan məlumatların bir hissəsinin növbəti ildən dövlət informasiya sistemlərindən əldə edilməsi nəzərdə tutulur. Bu, eyni məlumatların vətəndaşlardan təkrar tələb olunmasının qarşısını alacaq, uçot prosesinin daha operativ və səmərəli təşkilinə imkan verəcək.
2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu planşetlər vasitəsilə tam elektron qaydada həyata keçiriləcək. Məlumatlar vahid informasiya sistemində cəmləşdirilərək Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaq.
Vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə hər hansı sorğuya ehtiyac olmadan, proaktiv qaydada “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış ola biləcəklər.
Yeni sistemin tətbiqi uçot prosesində operativliyi, məlumatların dəqiqliyini və şəffaflığı artırmaqla yanaşı, dövlət xidmətlərinin rəqəmsal transformasiyasının genişlənməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Fərdi məlumatların təhlükəsizliyi təmin olunacaq
Uçot zamanı əldə edilən fərdi məlumatların işlənilməsi, istifadəsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçiriləcək. Məlumatların təhlükəsizliyinin və konfidensiallığının qorunması təmin olunacaq.
Fərdi məlumatların qanunvericiliyin tələblərinə uyğun qorunması rəqəmsal uçot sisteminə ictimai etimadın formalaşması və vətəndaşların məlumatlarının təhlükəsizliyinin təmin edilməsi baxımından əsas şərtlərdən biridir.
Beləliklə, ev təsərrüfatlarının uçotu yalnız məlumatların toplanması prosesi deyil, həm də əhalinin real ehtiyaclarının müəyyənləşdirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması, sosial müdafiənin gücləndirilməsi və dövlət resurslarının daha səmərəli bölüşdürülməsi üçün mühüm vasitədir.
Uçotun nəticələri əsasında qəbul ediləcək qərarlar dövlət dəstəyinin hər bir ailənin faktiki vəziyyətinə uyğunlaşdırılmasına, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənin sosial-iqtisadi inkişafının daha düzgün planlaşdırılmasına xidmət edəcək.
Ev təsərrüfatlarının uçotunun aparılması dövlət proqramlarının əhalinin real ehtiyacları, sosial-iqtisadi vəziyyəti və mövcud resurslar nəzərə alınmaqla daha düzgün və səmərəli planlaşdırılması üçün etibarlı informasiya bazası formalaşdıracaq. Bu məlumatlar dövlət dəstəyinin ünvanlılığını artırmağa, büdcə vəsaitlərinin daha məqsədyönlü bölüşdürülməsinə və regionların inkişafına dair qərarların faktiki göstəricilər əsasında qəbul edilməsinə imkan verəcək.
Bu, eyni zamanda, əhalinin real sosial-iqtisadi vəziyyətini müəyyən etməyə imkan verəcək. Toplanan məlumatlar əsasında dövlət proqramları real ehtiyaclara uyğun hazırlanacaq, sosial dəstək tədbirləri daha düzgün ünvanlanacaq və dövlət resurslarından səmərəli istifadə təmin olunacaq.