Dollar son 19 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb – Yen kəskin ucuzlaşır

ABŞ dolları Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilər fonunda son 19 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb. Dollar son iki ayın ən güclü həftəlik artımını qeydə almağa hazırlaşır.

Bu barədə noyabrın 13-də “Reuters” və “PAŞA Kapital İnvestisiya Şirkəti”nin ticarət platformasındakı məlumatlarında bildirilir.

Altı əsas valyutaya qarşı dolların məzənnəsini ölçən Dollar İndeksi (DXY) 103,18 bəndə yüksələrək 2025-ci ilin aprelindən bəri ən yüksək səviyyəsinə yaxınlaşıb. İndeksin həftəlik artımının 0,9% təşkil edəcəyi gözlənilir.

ABŞ dollarının indeksi: Foto: “PAŞA Kapital İnvestisiya Şirkəti”nin ticarət platforması
ABŞ dollarının indeksi: Foto: “PAŞA Kapital İnvestisiya Şirkəti”nin ticarət platforması

Dolların möhkəmlənməsinə ABŞ-də inflyasiya təzyiqlərinin davam etməsi və FED-in dekabrda faiz dərəcəsini daha sərt artıracağına dair gözləntilər təsir göstərir.

CME FedWatch məlumatlarına əsasən, investorlar dekabrda faiz dərəcəsinin 50 baza bəndi artırılması ehtimalını 14,5% qiymətləndirirlər. Bir həftə əvvəl bu ehtimal sıfıra yaxın idi.

ABŞ-nin ikiillik dövlət istiqrazlarının gəlirliliyi son iki ticarət sessiyasında 34 baza bəndi artaraq 4,86%-ə çatıb. Bu, son üç il yarımda ən kəskin iki günlük yüksəlişdir.

Yapon yeni isə dollar qarşısında 160 səviyyəsinə yaxınlaşaraq hökumətin valyuta müdaxiləsi ehtimalını artırıb. USD/JPY məzənnəsi 159,89 səviyyəsində olub. Yaponiya maliyyə naziri Satsuki Katayama valyuta bazarında kəskin dalğalanmalara qarşı tədbirlər görüləcəyini bildirib.

Xatırladaq ki, Yaponiya iyul-avqust aylarında yenin məzənnəsini dəstəkləmək üçün 15,4 trilyon yen (96,5 milyard dollar) xərcləyib.

Avro dollar qarşısında 1,1059 səviyyəsində ticarət olunub və həftə ərzində 0,7% ucuzlaşıb. Avstraliya dolları isə son bir ayda təxminən 2,5% dəyər itirərək G10 valyutaları arasında ən zəif nəticəni göstərib.

Dolların güclənməsi fonunda kriptovalyuta bazarında da satışlar sürətlənib. Bitcoin 4% ucuzlaşaraq 68 587 dollara, Ethereum isə 1 926 dollara enib.