Paşinyan layihəni üzə çıxarır: Vəziyyət gərginləşə bilərmi?…

Ermənistanda yeni konstitusiya layihəsinin gələn həftə ictimaiyyətə təqdim olunacağı gözlənilir. Məlumata görə, layihədə Azərbaycana və Türkiyəyə ərazi iddialarını ehtiva edən Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Bəlli olduğu kimi, həmin istinadın çıxarılması hazırda Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün irəli sürdüyü əsas şərtdir.

O biri yandan Ermənistan müxalifəti konstitusiya dəyişikliyinə müqavimətini gücləndirir. Gələn həftə layihə ictimaiyyətə təqdim olunanda Ermənistanda vəziyyət gərginləşə bilərmi? Ümumiyyətlə qarşıdan gələn aylarda müxalifət Paşinyan hökumətinin planlarını poza bilərmi? Yeni konstitusiya mətninin qəbul edilməməsi ehtimalı nə dərəcədə realdır?

Medianews.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Nikol Paşinyan hakimiyyətə gələndən bəri, 2018-ci ildən Ermənistana yeni konstitusiyanın lazım olduğunu bildirir: “2020-ci ilin 44 günlük müharibəsindən sonra isə Azərbaycan tərəfi də Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi tələbi ilə çıxış edir. Mövcud konstitusiyada dolayısı ilə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Nəhayət ki, Ermənistan hökuməti yeni konstitusiya layihəsini ictimaiyyətə təqdim etməyə hazırlaşır.

Şübhəsiz ki, konstitusiya dəyişiklikləri məsələsi Ermənistanda ciddi müqavimətlə üzləşəcək. Erməni cəmiyyətinin onilliklər, hətta yüzilliklər boyu şovinist və nasist zehniyyətlə tərbiyə olunmasını, formalaşmış ictimai-mənəvi dəyərləri və qonşularla münasibətə yanaşmasını nəzərə alsaq, orada hazırda da revanşist meyillərin qaldığını görərik. 44 günlük müharibədən zaman ötdükcə sanki qorxu hissi arxa plana keçir və ermənilər yenidən revanşist şüarlarla getdikcə daha çox çıxış etməyə başlayırlar. Ermənistan müxalifəti də bütün gücü ilə konstitusiya islahatı prosesini əngəlləməyə çalışacaq.

Artıq bu istiqamətdə müzakirələr və kampaniyalar başlanıb. Şübhəsiz ki, proses asan olmayacaq və müxalifət, o cümlədən erməni cəmiyyətinin revanşist kəsimi buna mümkün qədər müqavimət göstərəcək.

Amma yeni konstitusiyanın qəbul olunması ehtimalı da kifayət qədər yüksəkdir. Nikol Paşinyan 2020-ci ildəki ağır məğlubiyyətdən sonra ardıcıl olaraq iki dəfə seçkilərdə qələbə qazanıb, revanşistlər isə həmin seçkiləri uduzublar. Bu da müəyyən imkan yaradır. Amma nəzərə alsaq ki, seçkilərə münasibətlə konstitusiya dəyişikliklərinə münasibət eyni deyil, cəmiyyətdə, hətta Paşinyanın tərəfdarları arasında da bu dəyişikliklərə müqavimət ola bilər.

Bu baxımdan yeni konstitusiya mətni ilə bağlı müzakirələrin getdiyi, referendum keçirilməsi barədə qərarın qəbul olunduğu dövrdə gərginliklərin baş qaldıracağı istisna deyil.

Yeni konstitusiyanın qəbul edilməməsi ehtimalına gəlincə, düşünürəm ki, Paşinyan bütün bunları hesablayır və referendumun nəticələrinin müsbət olacağına inanır. Ancaq cəmiyyətin müqavimətinin gözləniləndən artıq olması və konstitusiyanın qəbul edilməməsi ehtimalını da tam istisna etmək olmaz. Bu variantı diqqətdən kənarda qoymamalıyıq. Belə olsa, bu, erməni cəmiyyətinin Azərbaycanla, ümumiyyətlə qonşularla sülh şəraitində yaşamağa hazır olmadığını və müharibə istədiyini göstərə bilər. Bu isə Cənubi Qafqazda vəziyyətin dəyişməsinə və Azərbaycanla münasibətlərin sərtləşməsinə səbəb ola bilər.

Ümid edirik ki, Paşinyanın hesablamaları özünü doğruldar, erməni cəmiyyəti də konstitusiya dəyişikliklərini qəbul edər və iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə Cənubi Qafqazda yeni bir era başlanar”.