Bakı, 11 noyabr, AZƏRTAC Noyabrın 11-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli şərqşünas alim, Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova ilə görüş keçirilib.Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov həyatını, elmi və ictimai fəaliyyətini doğma xalqının tərəqqisinə həsr edən Əsmətxanım Məmmədovanın çoxşaxəli fəaliyyətinin örnək olduğunu söyləyib. Qeyd edib ki, Əsmətxanım Məmmədova Azərbaycan şərqşünaslığının son nəslinə mənsub olan ziyalı xanımlardandır. Milli-mənəvi dəyərlərlə vətəndaş məsuliyyətini öz şəxsiyyətində birləşdirən görkəmli alim uzun illər ictimai-mədəni irsin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl fəaliyyət göstərib. Bu gün də Əsmətxanım Məmmədova dövlətimizə, azərbaycançılıq ideyalarına sadiqdir, öz bilik və bacarığını gənc nəslə aşılamaqda davam edir.Akademik Rafael Hüseynova vurğulayıb ki, ailəsinin təməlində şəqrşünaslığa bağlılıq olan Əsmətxanım Məmmədova məktəb illərində dünya poeziyasının görkəmli nümayəndəsi Nazim Hikmətin qarşısında şeir söyləyib. O, 1960-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində oxuyub, fakültənin ən xoşbəxt bir dövründə universitetin tələbəsi olub. Əsmətxanım Məmmədova böyük müəllimlərlə hər gün təmasda olub, onlardan fars dilinin özəlliklərini öyrənib, Şərq tarixinin özünəməxsusluqlarını, incəliklərini dərindən mənimsəyib. Əsmətxanım Məmmədova çalışqanlığı sayəsində qısa müddət ərzində müəllimlərin diqqətini cəlb edib. Elə tələbə olarkən müxtəlif konfranslarda çıxış edib, fakültədəki tələbə elmi cəmiyyətinin ən fəal üzvlərindən və çox keçmədən rəhbəri olaraq fəaliyyətini davam etdirib.Diqqətə çatdırılıb ki, tələbələrinə münasibətdə valideyn qayğısı göstərən görkəmli şəxsiyyət, BDU-nun Şərqşünaslıq fakültəsinin Yaxın Şərq dilləri kafedrasının müdiri, professor Rəhim Sultanov Əsmətxanım Məmmədovadakı istedadı görüb və onun təşəbbüsü ilə Əsmətxanım Məmmədova universiteti bitirdikdən sonra fakültədə saxlanılıb. O, çox keçmədən aspiranturaya qəbul olunub, tədqiqatlara başlayandan sonra fakültədəki müəllimlərinin, ağsaqqalların tövsiyəsi ilə o zamanlar şərqşünaslığın əsas mərkəzlərindən sayılan Sankt-Peterburqa gedib. Alim burada dilçilikdə, linqvistikada ən çətin və həssas mövzularla bağlı araşdırmalar aparıb.Əsmətxanım Məmmədova gözəl pedaqoq, alim olmaqla yanaşı, həm də 1995-2005-ci illərdə Milli Məclisin I və II çağırış deputatı kimi aktiv ictimai-siyasi fəaliyyət göstərib deyən akademik Rafael Hüseynov vurğulayıb ki, tarixin narahat bir dövründə, Abşeronda kənar qüvvələrin təsiri ilə müəyyən siyasi çalxantıların törədilməsi cəhdləri baş verəndə Əsmətxanım Məmmədova çox fəal şəkildə meydanda olub və öz töhfəsini verib. Ulu Öndər Heydər Əliyev onun o vaxtkı xidmətlərini yüksək qiymətləndirib. Alimin fəaliyyətlərini o zaman bu proseslərin hamısını izləyən, yaxın məsafədən görən Prezident İlham Əliyev də çox yüksək dəyərləndirib.Akademik Rafael Hüseynova qeyd edib ki, Nizami Gəncəvi yaradıcılığının araşdırılması Əsmətxanım Məmmədovanın elmi fəaliyyətindən qırmızı xətlə keçir. O, uzu illər Nizami irsini elmi cəhətdən dərindən təhlil edib. Ardıcıl olaraq Nizami Gəncəvinin elmi nöqteyi-nəzərindən Xəmsəsini, divanını araşdıran, təqdim eləyən Əsmətxanım Məmmədova silsilə məqalələr yazıb və bu məqalələr kitab halında çap olunub.Diqqətə çatdırılıb ki, Əsmətxanım Məmmədova 1972-ci ildə “Fars dili söz vurğusunun fonetik təbiəti və yeri” adlı namizədlik dissertasiyasını müdafiə edib. Alimin fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksika, üslubiyyatına aid 200-dək məqaləsi ölkə daxilində və xaricində işıq üzü görüb. Onun fars vurğusunun təbiətinə aid tədqiqatı fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 2007-ci ildə çap etdirdiyi “Fars dilində vurğu” adlı eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr və təcrübi nəticələrlə zəngindir. Daha sonra akademik Rafael Hüseynov Əsmətxanım Məmmədovanın 85 illiyi münasibətilə Ədəbiyyat Muzeyinin “Sözümüz” adlı rəsmi təbrik ünvanını alimə təqdim edib.Daha sonra Əsmətxanım Məmmədova fəaliyyətinə göstərilən bu yüksək dəyərə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. O, həyatının mənasını Azərbaycana, elmə, təhsilə, tələbələrə sədaqətdə gördüyünü vurğulayıb, bütün həyatını məsuliyyətlə yaşadığını qeyd edib.