Macarıstan €250 minlik investisiya ilə yaşayış icazəsi proqramını bağlayır

Macarıstan hökuməti xarici investorların ölkədə yaşayış icazəsi almasına imkan verən “qızıl viza” proqramının ləğvini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Yeni qaydalar qəbul edilərsə, proqram 2027-ci il yanvarın 1-dən dayandırılacaq.

Bu barədə Macarıstan mətbuatı məlumat yayıb.

Noyabrın 4-də dərc edilən qanun layihəsinə əsasən, 2027-ci il yanvarın 1-dən yeni investor vizaları və yaşayış icazələri üçün müraciətlərin qəbulu dayandırılacaq. Bununla belə, 2026-cı il dekabrın 31-dək təqdim edilən və müvafiq rüsumu ödənilən müraciətlər mövcud qaydalar əsasında qiymətləndiriləcək.

Artıq yaşayış icazəsi almış investorlar sənədlərinin qüvvədə olma müddəti başa çatanadək Macarıstanda qala biləcəklər. Lakin yeni qanun onların yaşayış icazəsinin müddətini uzatmaq imkanını aradan qaldıracaq.

Xatırladaq ki, proqram 2024-cü ildə Viktor Orban hökuməti tərəfindən tətbiq olunub. Hazırkı qaydalara əsasən, xarici vətəndaşlar ən azı 250 min avronu Macarıstanda qeydiyyatdan keçmiş daşınmaz əmlak fondlarına yatırmaqla 10 illik yaşayış icazəsi əldə edə bilirlər.

Alternativ olaraq, müəyyən ali təhsil müəssisələrinə 1 milyon avro ianə etmək mümkündür. Birbaşa mənzil və ya digər daşınmaz əmlakın alınması isə yaşayış icazəsi üçün əsas sayılmır.

Yeni hökumətin təşəbbüsü investisiya müqabilində yaşayış hüququnun verilməsi mexanizminin tamamilə dayandırılmasını nəzərdə tutur.

Qanun layihəsi hazırda ictimai müzakirədədir və noyabrın 12-dək təkliflər qəbul ediləcək. Proqramın bağlanması barədə yekun qərar hələ verilməyib.