Avropa Mərkəzi Bankı dekabrda faiz dərəcəsini artıracaq – Reuters

Avropa Mərkəzi Bankının (ECB) dekabr ayında əsas faiz dərəcəsini 25 baza bəndi artıracağı gözlənilir. Avrozonada inflyasiya təzyiqlərinin güclənməsi iqtisadçıların pul siyasəti ilə bağlı proqnozlarını dəyişib.

Bu barədə “Reuters” agentliyinin iqtisadçılar arasında keçirdiyi sorğuda bildirilir.

Sorğuda iştirak edən 73 iqtisadçıdan 64-ü, yaxud təxminən 88%-i dekabrda faiz artımı gözləyir. Proqnozlara əsasən, Avropa Mərkəzi Bankı depozit faizini hazırkı 2,50%-dən 2,75%-ə yüksəldəcək.

Müqayisə üçün, əvvəlki sorğuda iqtisadçıların 90%-dən çoxu faiz dərəcələrinin dəyişməyəcəyini proqnozlaşdırırdı.

Gözləntilərin dəyişməsinin əsas səbəbi avrozonada inflyasiyanın sürətlənməsidir. Sentyabrda illik inflyasiya 3,8%-ə çataraq AMB-nin 2%-lik hədəfini əhəmiyyətli dərəcədə üstələyib.

Enerji qiymətlərinin yüksək qalması və Yaxın Şərqdəki hərbi münaqişə inflyasiya risklərini artırır.

ECB-nin baş iqtisadçısı Filip Leyn də noyabrın 10-da bildirib ki, mövcud iqtisadi göstəricilər dəyişməzsə, dekabrda faiz artımı məqsədəuyğun ola bilər.

Bununla belə, yekun qərar inflyasiya göstəricilərindən və yenilənmiş iqtisadi proqnozlardan asılı olacaq.