Azərbaycanda yeni tikililərdən yaşayış və qeyri-yaşayış sahələri alan vətəndaşlara qaytarılan əlavə dəyər vergisinin (ƏDV) məbləği artıb.
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında vətəndaşlara 29 milyon 792,3 min manat ƏDV geri qaytarılıb. Bu, 2025-ci ilin eyni dövründəki 26 milyon 269,1 min manatla müqayisədə 3 milyon 523,2 min manat və ya 13,4 faiz çoxdur.
Qaytarılan vəsaitlər bina tikintisi ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxslərə ödənilib. Təkcə oktyabr ayında geri qaytarılan məbləğ 3 milyon 339,2 min manat təşkil edib.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) oktyabr ayı üzrə məlumatına görə, yeni tikili mənzillərin bir kvadratmetrinin median satış təklifi 2 888,9 manata yüksəlib. Bu, sentyabrla müqayisədə 1,4 faiz, 2025-ci ilin dekabrına nisbətən 9,4 faiz bahalaşma deməkdir. Yeni tikililərdə mənzilin median ümumi satış təklifi isə 275 min manata çatıb.
Mənzil tikintisində isə azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda çoxmənzilli binalarda 4 935 mənzil istifadəyə verilib. Bu, ötən ilin eyni dövründəki 6 793 mənzillə müqayisədə 27,4 faiz azdır. Yaşayış evlərinin tikintisinə yatırılan investisiyalar da 3,1 faiz azalaraq 2 milyard 67,9 milyon manat təşkil edib.
Vətəndaşlar ƏDV-ni necə geri ala bilərlər?
Bunun üçün mənzil ƏDV ödəyicisi olan tikinti şirkətindən alınmalı və ödəniş tam nağdsız aparılmalıdır. Alıcıya mənzilin bütün qiymətinin deyil, ödənilmiş ƏDV-nin 30 faizi qaytarılır. Tikinti şirkəti elektron qaimə-faktura təqdim etməli, alıcı isə tam ödənişdən sonra 90 gün ərzində Dövlət Vergi Xidmətinin elektron portalı vasitəsilə müraciət etməlidir. Təsdiqlənmiş məbləğ bankın xidmət haqqı çıxılmaqla 30 iş günü ərzində qaytarılır. Güzəşt alınan yaşayış sahəsinin 500 kvadratmetrə qədər hissəsinə şamil edilir