Havaların soyuması ilə evlərdə kombi və digər istilik cihazlarından istifadə artıb. Bəs hansı ərazilərdə qaz təzyiqi aşağıdır və problemin aradan qaldırılması üçün hansı işlər görülür?
"Azəriqaz" İstehsalat Birliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, havaların soyuması bəzi ərazilərdə lokal xarakterli təzyiq azalmasına səbəb ola bilər.
Qeyd olunub ki, noyabrın 15-dən qış rejiminə keçid başlanacaq. Bu müddətdə ərazilərə qazın verilişi mərhələli şəkildə yoxlanılır, təzyiqin tənzimlənməsinə həssas yanaşılır. Məqsəd təzyiqin birdən-birə artırılmasının yarada biləcəyi problemlərin qarşısını almaqdır.
Birlikdən bildirilib ki, bütün ərazilər əməkdaşların nəzarətindədir. Lokal xarakterli təzyiq azalması müşahidə olunduqda qaz təzyiqinin sabitləşdirilməsi üçün tədbirlər görülür. Abunəçilərin müraciətləri əsasında da ərazilərə baxış keçirilir və aşkarlanan problemlər operativ aradan qaldırılır.
"Ümumilikdə qazın təzyiqi ilə bağlı ciddi problem yaşanmır. Sadəcə, Binəqədi rayonunda təzyiqin aşağı düşməsi halları bir qədər kütləvi xarakter almışdı. Əməkdaşlarımız əraziyə yönləndirilib və mövcud problemlər aradan qaldırılıb. Artıq bu gündən etibarən Binəqədi rayonunda da təzyiqlə bağlı ciddi problemin yaşanmayacağı gözlənilir", - məlumatda qeyd edilib.