Ombudsman Aparatın büdcəsinin artırılmasını təklif edib

Ombudsman Səbinə Əliyeva Aparatın Çağrı Mərkəzində süni intellekt əsaslı texnoloji həllərin tətbiqi üçün maliyyə və texniki dəstək göstərilməsini təklif edib. O, bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.

“Çağrı Mərkəzinin fəaliyyətində süni intellekt əsaslı texnoloji həllərin tətbiqi məqsədilə zəruri maliyyə və texniki dəstəyin göstərilməsi də insan hüquqlarının daha effektiv və çevik müdafiəsi baxımından olduqca əhəmiyyətlidir”, - ombudsman bildirib.

Səbinə Əliyeva, həmçinin milli preventiv və müstəqil monitorinq qruplarının fəaliyyətinin effektivliyinin və davamlılığının təmin edilməsi üçün onların kadr və maddi-texniki təminatına ayrılan vəsaitin dövlət büdcəsinin xərclərində nəzərə alınmasını təklif edib.

“Ombudsmanın konstitusion səlahiyyətlərindən irəli gələn qanunvericiliyin təkmilləşdirilməsi sahəsində geniş fəaliyyətini, normativ hüquqi aktların layihələrinin hüquqi ekspertizası, onlara dair rəy və təkliflərin hazırlanması istiqamətində işlərin həcmini nəzərə alaraq, bu fəaliyyətin daha sistemli və səmərəli təşkili məqsədilə Ombudsman Aparatında ayrıca struktur bölmənin yaradılmasına və zəruri ştat vahidləri ilə təmin edilməsinə dəstək verilməsi də təkliflər arasındadır",- o bildirib.

O, rəqəmsal transformasiya prioritetlərinə uyğun olaraq Ombudsman təsisatında elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi və yenilənməsi, həmçinin vahid rəqəmsal dövlət platformalarına inteqrasiyası üçün maliyyə vəsaitinin ayrılmasını da vacib hesab edib.

“İnanıram ki, qeyd olunan təkliflər ölkəmizin inkişaf prioritetləri və dövlət büdcəsinin imkanları nəzərə alınmaqla mərhələli şəkildə öz həllini tapacaq və insan hüquqlarının daha səmərəli təmin olunmasına öz müsbət töhfələrini verəcəkdir”, - Əliyeva əlavə edib.