ABŞ-nin Şimali Dakota ştatında polis keçmiş əri tərəfindən iki il ərzində mənzildə əsir saxlanıldığı iddia edilən qadını xilas edib.
Bu barədə “People” nəşri məlumat yayıb.
Hadisə noyabrın əvvəlində Farqo şəhərində baş verib.
Mənzildə texniki xidmət göstərən işçi kömək çağırışlarını eşidərək içəri daxil olub. O, hərəkət edə bilməyən qadının zəncirlə çarpayıya bağlandığını görüb.
Yataq otağının pəncərələri folqa ilə örtülüb, qadına tərəf isə kamera quraşdırılıb.
Hadisə şahidi polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadını zəncirlərdən azad ediblər.
Qadın ingilis dilində danışa bilmədiyi üçün onun ifadəsi tərcüməçinin köməyi ilə alınıb.
İstintaqın versiyasına görə, 40 yaşlı Arturo Kalsada-Beserril 2024-cü ildə keçmiş həyat yoldaşını Meksikadan ABŞ-yə gətirərək iradəsinə zidd şəkildə mənzildə saxlayıb.
O, qadına gündə iki dəfə yemək versə də, mənzildən çıxmasına və tualetdən istifadə etməsinə icazə verməyib. Bunun əvəzinə yataq otağına vedrə qoyub.
Qadın polisə bildirib ki, keçmiş əri və cinayətdə əlbir olduğu 41 yaşlı Erenidira Amoles onu döyərək cinsi zorakılığa məruz qoyublar. Zərərçəkmişin bədənində xəsarətlər aşkarlanıb və o, xəstəxanaya yerləşdirilib.
Polisin məlumatına görə, Amoles qadını mənzildə kilidlədiyini etiraf edib. Daha sonra onun qaçmasının qarşısını almaq üçün qadının 8 yaşlı övladını girov götürüb.
Şübhəlilər isə qadının onlara bıçaqla hücum etdiyini iddia ediblər.
Hər iki şəxs saxlanılıb.
Kalsada-Beserrilə hədə-qorxu məqsədilə adam oğurluğu və xəsarətlə nəticələnən məişət zorakılığı, Amolesə isə adam oğurluğu və hücum ittihamları irəli sürülüb.
Onlar ittihamları qəbul etməyiblər və hazırda Kass dairəsinin həbsxanasında saxlanılırlar.