“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəldilməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və insan hüquqlarının daha səmərəli təmininə mühüm töhfələr verir. Bu istiqamətdə müəyyən edilmiş strateji inkişaf prioritetləri dövlət büdcəsinin əsas istiqamətlərinin formalaşdırılmasında mühüm rol oynayır”.
Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin birgə komitələrində 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, gələn ilin dövlət büdcəsinin müzakirəsi qarşıda duran bu strateji vəzifələrin həyata keçirilməsi üçün zəruri maliyyə imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
S.Əliyeva bəzi təkliflər də irəli sürüb:
“Tənha, özünəqulluq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərə evdə göstərilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə, regionlarda səyyar sosial xidmətlərin inkişaf etdirilməsinə, habelə uzunmüddətli qulluq xidmətlərinin kadr və maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində bu istiqamətlər üzrə maliyyə təminatının gücləndirilməsinə ehtiyac var”.
Onun fikrincə, regionlarda tibbi və sosial reabilitasiya xidmətləri şəbəkəsi genişləndirilməli, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların protez-ortopedik məmulatlar, müasir reabilitasiya və digər köməkçi vasitələrlə fərdi ehtiyaclarına uyğun və vaxtında təmin edilməsi məqsədilə müvafiq büdcə ayırmaları artırılmalıdır.
Ombudsmanın digər təklifi regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsi, habelə hemofiliyalı şəxslərin zəruri dərman preparatları ilə vaxtında və fasiləsiz təmin edilməsi məqsədilə həmin preparatların regional tibb müəssisələri vasitəsilə əlçatanlığının artırılması və təcili hallar üçün zəruri ehtiyatların formalaşdırılması istiqamətində maliyyə təminatının gücləndirilməsi ilə bağlı olub.
S.Əliyeva onkoloji xəstələrin müasir müalicə üsullarına və yüksək effektivliyə malik dərman preparatlarına əlçatanlığının artırılmasını, xüsusilə innovativ şişəleyhinə preparatlarla təminatın genişləndirilməsini, habelə diaqnostika və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə dövlət büdcəsində bu istiqamətlər üzrə maliyyə vəsaitlərinin artırılmasını təklif edib.
“Süni intellekt əsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində təhlükəsiz və mərhələli tətbiqi, xüsusilə regionlarda xəstəliklərin erkən aşkarlanması və ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu istiqamətdə həyata keçiriləcək tədbirlərin maliyyə təminatının dövlət büdcəsində nəzərə alınması, uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz və sağlam mühitdə inkişafının təmin edilməsi, keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının genişləndirilməsi dövlət büdcəsinin sosial istiqamətləri çərçivəsində xüsusi diqqət tələb edir. Bu baxımdan inklüziv təhsilin inkişaf etdirilməsi, xüsusi təhsil ehtiyacları olan uşaqların təhsil prosesində bərabər iştirakının təmin olunması məqsədilə təhsil müəssisələrinin müvafiq qaydada uyğunlaşdırılması, fərdi dəstək xidmətlərinin təşkili və ixtisaslı mütəxəssislərlə təminat üçün zəruri maliyyə resurslarının ayrılması vacibdir.
Uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və fərdi məlumatlarının qanunsuz istifadəsindən müdafiəsinə yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılması da yaxşı olardı”.