Əməkdar artist: “Bu, Azərbaycan və mənim üçün böyük uğurdur” – FOTOLAR

“Çox istərdim ki, doğma Azərbaycanda da belə festivallar tez-tez olsun. Bizim tamaşaçılar da müxtəlif ölkələrin tamaşalarını seyr etsinlər, fərqli oyun tərzini, rejissor yanaşmasını görsünlər”.

Bu sözləri tanınmış aktyor, Əməkdar artist Elman Rəfiyev Yenicag.az-a açıqlamasında deyib.

“Festivalın fəxri qonağı” mükafatını alan aktyor festivalla bağlı təəssüratlarını bölüşüb:

“10-25 oktyabr tarixlərində Ankarada keçirilən 18-ci ETHOS Ankara Beynəlxalq Teatr Festivalında fəxri qonaq kimi iştirak etdim. Açılış proqramında Almaniya, Türkiyə ilə yanaşı mənim də səhnə çıxışım oldu. Müəllifi və rejissoru Əməkdar artist Qurban Məsimov olan “Maneə” tamaşası ilə çıxış etdim. Tamaşaçıların reaksiyasına əsaslanaraq deyə bilərəm ki, onlar tamaşanı böyük zövqlə izlədilər və çox bəyəndilər. Tamaşadan sonra mənə festivalın fəxri qonağı mükafatını təqdim etdilər. Açığı, bu, həm mənim, həm də doğma Azərbaycan üçün böyük uğur sayıla bilər. Hər zaman demişəm: festival bir bayramdır, yeni tanışlıqdır. Festivalda hətta bir mükafatı təqdim etmək də mənə həvalə olundu. Çox maraqlı tamaşalar izlədim. İspaniya, İran, Gürcüstan, Latviya və Türkiyənin müxtəlif şəhərlərindən gəlmiş sənətçilərlə dostluq əlaqələri qurdum. Ustad dərslərində iştirak etdim. Açığı, festivaldan böyük enerji ilə geri döndüm. İnanıram ki, bu əlaqələr yeni festivallar deməkdir. Çox istərdim ki, doğma Azərbaycanda da belə festivallar tez-tez olsun. Bizim tamaşaçılar da müxtəlif ölkələrin tamaşalarını seyr etsinlər, fərqli oyun tərzini, rejissor yanaşmasını görsünlər. Və sonda, məni bu festivala dəvət edən 27 illik dostlarım — festival rəhbərləri Serhan Sarıkaya və Yeşim Eyyuboğluna dərin təşəkkürümü bildirirəm. Ən əsası isə mənim bu festivalda iştirakıma dəstək olan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılova və onun işgüzar komandasına minnətdaram. Onlar hər zaman yaradıcı insanların yanındadırlar”.