"Ərdoğanın Azərbaycana səfəri bu cür qüvvələrə qətiyyətli cavab idi" - Deputat

"Tarixi araşdıran, keçmişi qiymətləndirən, bu günümüzü görən, təhlil edən və reallıqlara diqqətlə yanaşan hər bir insan yaxşı bilir ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu tarixi köklərə bağlıdır. Bu köklər daim qorunub, inkişaf etdirilib və möhkəmləndirilib. İki qardaş xalq hər zaman bir-birinin yanında olduğunu nümayiş etdirib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında parlamentin komitə sədri Tahir Rzayev səsləndirdi. O əlavə etdi ki, bu tarixi zərurətdir:

"Çünki Azərbaycanla Türkiyəni heç vaxt bir-birindən ayırmaq, ayrı salmaq mümkün deyil. Yetmiş illik sovet hakimiyyəti dövründə də biz bunu aydın gördük. Gediş-gəliş imkanları olmasa da, bu xalqların ürəyi daim bir-biri ilə döyünür, insanlar hər zaman bir-birinin yanında olmağa can atırdılar. Ancaq bu dostluğa, qardaşlığa kölgə salmaq, əbədi və sarsılmaz birliyimizi zəiflətmək istəyən qüvvələr var. Bu qüvvələr dünən də olub, bu gün də var, sabah da olacaq. Onlar öz maraqlarından çıxış edərək bu birliyə zərbə vurmağa çalışırlar.

Rəcəb Tayyib Ərdoğanın ən əlamətdar günlərdə Azərbaycana səfər etməsi, bir sıra mənfi meyillərə qəti etirazını bildirməsi və çıxışında birliyimizin sarsılmaz olduğunu, heç kimin bu dostluğa və qardaşlığa mane ola bilməyəcəyini vurğulaması, əlbəttə ki, bu cür qüvvələrə qətiyyətli cavab idi. Biz bunu gözləyirdik. Çünki Türkiyədə mövcud olan müəyyən qüvvələr, eləcə də Azərbaycanda daxildəki bəzi ünsürlər aranı qarışdırmağa çalışırdılar. Gərginliyi artırmaq, şantaj kampaniyasını gücləndirmək, qardaş xalqlar arasındakı münasibətlərə kölgə salmaq üçün hər vasitədən istifadə edirdilər. Adi məsələləri şişirdir, onlara siyasi don geyindirir, bəzi hallarda qarşıdurmaya çağırışlar edirdilər. Ancaq Ərdoğanın telefon zəngi, Azərbaycan xalqını bayram münasibətilə təbrik etməsi və ölkəmizə səfəri bütün bu cəhdlərin üzərindən xətt çəkdi".

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də bu birliyin tərəfdarıdır:

"Dövlətimizin başçısı hər zaman Azərbaycan-Türkiyə dostluğuna və qardaşlığına böyük önəm verib. Ərdoğanı qardaşı adlandırıb, türk xalqını canı qədər əziz bildiyini dəfələrlə ifadə edib. Bütün çıxışlarında və bəyanatlarında sarsılmaz dostluqdan, qardaşlıqdan danışıb və bunu əməlləri ilə də nümayiş etdirib. Zərurət yarandıqda Türkiyənin yanında olduğunu bildirərək bu birliyə qarşı çıxanlara cavab verib.

Bu dəfə də Şuşada keçirilən görüş, Zəfər bayramının yüksək səviyyədə qeyd olunması və Dövlət Bayrağı Günü ərəfəsində təşkil edilən təntənəli tədbirlər bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının davamlılığını nümayiş etdirdi. Heç bir qüvvə bu dostluğun arasına girə, onu sarsıda bilməz. Bu görüşlər və bayram tədbirləri qardaş xalqlar arasındakı münasibətlərə kölgə salmağa çalışanlara tutarlı cavab oldu".

Azərbaycan Prezidentinin COP31-də iştirak üçün Türkiyəyə səfər etdiyini xatırladan Tahir Rzayev hesab edir ki, bu da Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının davamlılığını göstərən nümunələrdən biridir.

"Sözsüz ki, İlham Əliyev səfəri zamanı bir sıra dövlət rəhbərləri və ictimai-siyasi xadimlərlə görüşəcək, Azərbaycanın mövqeyini və reallıqlarını bir daha diqqətə çatdıracaq. Dünyada baş verən hadisələr və mövcud reallıqlar müzakirə olunacaq, bəşəriyyətin gələcəyi ilə bağlı təkliflər irəli sürüləcək. Azərbaycan Prezidenti sülhün, əmin-amanlığın və əməkdaşlığın tərəfdarıdır. O, prezidentlik fəaliyyəti dövründə bunu dəfələrlə nümayiş etdirib. Hər bir səfər ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə çatdırılması baxımından əhəmiyyət daşıyır. Dövlət başçısının irəli sürdüyü təkliflər dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də ölkəmizin inkişafı və beynəlxalq nüfuzunun artırılması baxımından vacibdir", - deyə o yekunlaşdırdı.