Hindistanda qatar relslərdən çıxıb - yaralılar var - VİDEO

Hindistanın şərqində yerləşən Assam ştatında Sayranq–Kəlküttə marşrutu üzrə hərəkət edən sərnişin qatarının lokomotivi və altı vaqonu relsdən çıxıb.

Bu barədə yerli NDTV məlumat yayıb.

Qəzanın yerli vaxtla səhər saat 06:54-də (Bakı vaxtı ilə 05:24) Assam ştatının Kamrup rayonunda, Diqaru dəmir yolu stansiyasının yaxınlığında baş verdiyi qeyd olunur.

"Northeast Frontier Railway" dəmir yolu operatorunun ilkin açıqlamasına əsasən, sürətli qatarlardan biri digər qatarın keçməsinə imkan vermək üçün Diqaru stansiyasındakı dairəvi yola yönləndirilib. Lakin qatarlardan birinin maşinisti zəruri sürəti saxlaya bilməyib. Nəticədə lokomotiv və bir neçə vaqon relsdən çıxıb.

Hadisə nəticəsində ölənlər barədə məlumat daxil olmayıb. Jurnalistlərin məlumatına görə, bir neçə sərnişin xəsarət alaraq xəstəxanalara çatdırılıb.

Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.