Noyabrın 9–20-də Türkiyənin turizm paytaxtı Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) keçiriləcək. Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi bu mötəbər tədbirdə 200-ə yaxın ölkənin dövlət və hökumət nümayəndələri, siyasətçilər, biznes dairələrinin təmsilçiləri, alimlər və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcəklər.
Dünyanın ən böyük iqlim platformalarından biri olan COP31-də ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, enerji, nəqliyyat, iqlim maliyyələşməsi, süni intellekt və digər aktual məsələlər üzrə müzakirələr aparılacaq. Konfransın əsas məqsədi əvvəlki illərdə iqlim dəyişikliyi ilə mübarizə sahəsində qəbul edilmiş öhdəliklərin konkret fəaliyyətə çevrilməsini sürətləndirməkdir.
Türkiyənin ev sahibliyi mandatını qazanması ölkənin beynəlxalq nüfuzunun və qlobal iqlim diplomatiyasındakı rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. COP31 həmçinin Türkiyənin beynəlxalq konfrans və tədbirlər mərkəzi kimi mövqeyini möhkəmləndirməklə yanaşı, bərpaolunan enerji və dövri iqtisadiyyat sahəsində təşəbbüslərini nümayiş etdirmək imkanı yaradacaq.
“Gələcəyin COP-u” konsepsiyası əsasında təşkil olunan sammit konkret nəticələrə və praktiki icraya yönələcək. Proqram çərçivəsində 12 əsas istiqamət üzrə tematik günlər, yüksək səviyyəli görüşlər, ekspert panelləri və beynəlxalq əməkdaşlıq sessiyaları keçiriləcək. Noyabrın 11–12-də isə dövlət və hökumət başçılarının iştirakı ilə Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti təşkil olunacaq.
Tematik müzakirələr enerji keçidi, dayanıqlı şəhərlər, maliyyə və ticarət, gənclər və təhsil, elm və texnologiya, təbiətin mühafizəsi, gender bərabərliyi və sosial inkişaf kimi geniş mövzuları əhatə edəcək.
COP31 çərçivəsində Türkiyə dayanıqlı turizm sahəsindəki təcrübəsini və ekoloji təşəbbüslərini də beynəlxalq ictimaiyyətə təqdim edəcək. Bu məqsədlə noyabrın 18-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizmi Təşviq və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə xüsusi tədbirlər keçiriləcək.
Mavi zonada “Turizmdə iqlim həlləri: aşağı karbon emissiyası, sıfır tullantı və iqlimə davamlı turizm istiqamətləri” mövzusunda yüksək səviyyəli panel təşkil olunacaq. Tədbirdə Türkiyənin milli dayanıqlı turizm modeli və Qlobal Dayanıqlı Turizm Şurası (GSTC) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər təqdim ediləcək.
Bununla yanaşı, Yaşıl zonada beynəlxalq ekspertlərin iştirakı ilə dayanıqlı turizm investisiyaları, mədəni irsin və qastronomiyanın qorunması, eləcə də turizm sektorunda ekoloji transformasiya mövzularında müzakirələr aparılacaq.
COP31 Antalya üçün yalnız nüfuzlu beynəlxalq tədbir deyil, həm də Türkiyənin qlobal iqlim gündəliyinə və dayanıqlı turizmin inkişafına töhfəsini nümayiş etdirmək baxımından mühüm platforma olacaq.