Məşhur məşqçi FIFA prezidenti olmaq istəyir

İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger FIFA prezidentliyinə namizədliyini nəzərdən keçirir.

Bu barədə "LEquipe" nəşri məlumat yayıb.

FIFA-da Qlobal Futbol İnkişafı üzrə rəhbər vəzifəsində çalışan 77 yaşlı mütəxəssis qurumun hazırkı rəhbəri Canni İnfantinoya rəqib ola bilər.

Venger namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı yekun qərarını gələn həftənin ortalarınadək verməyi planlaşdırır.

Xatırladaq ki, FIFA prezidentliyinə seçkilər 2027-ci il, martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək. İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir.