Milyonlarla insanın probleminə çevrilən məsələ: Sənədsiz evlər necə rəsmilə…

Azərbaycanda çıxarışı olmayan ev və torpaq sahələrinin sənədləşdirilməsi məsələsi bir çox mülkiyyətçi üçün hüquqi problem olaraq qalır. Belə əmlakların rəsmiləşdirilməsi mövcud sənədlərdən, torpağın hüquqi statusundan və tikilinin yerləşdiyi ərazidən asılıdır. Bəzi hallarda mülkiyyət hüququnun tanınması mümkün olsa da, müəyyən əmlakların sənədləşdirilməsi qanuni məhdudiyyətlərlə üzləşə bilər. Prosesin hüquqi əsaslarının və tələb olunan sənədlərin dəqiq bilinməsi vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısını almaq baxımından əhəmiyyətlidir. Bəs, çıxarışı olmayan ev və torpaq sahələrinin sənədləşdirilməsi üçün hansı hüquqi imkanlar mövcuddur? Hansı hallarda belə əmlakların mülkiyyət hüququnu rəsmiləşdirmək mümkün olmur?

Mövzu ilə bağlı Medianews.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Azərbaycanda torpaq sahələri və digər daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının müəyyənləşdirilməsi və dövlət qeydiyyatına alınması müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Onun sözlərinə görə, torpaq sahələrinin ilkin qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərin mövcudluğu əsas götürülür:

“Tikililərə münasibətdə isə onların qeydiyyatı üçün Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də mülki qanunvericiliyin tələblərinə uyğun prosedurlar həyata keçirilməli və müvafiq sənədlər təqdim olunmalıdır”.

Ramil Osmanlı qeyd edib ki, ilkin hüquqmüəyyənedici sənədlər olmadan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyil:

“Bununla belə, tələb olunan sənədlər mövcud olduğu halda qeydiyyat orqanı əmlak üzərində hüquqların qeydə alınmasından imtina edərsə, vətəndaş inzibati məhkəməyə müraciət edərək problemin həllinə çalışa bilər”.

Ekspertin fikrincə, Azərbaycanda sənədsiz tikililərlə bağlı problem hələ də ciddi xarakter daşıyır və onun həlli üçün sistemli yanaşmaya ehtiyac var.

O hesab edir ki, problemin miqyasını nəzərə alaraq, sənədsiz tikililərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində geniş əhatəli amnistiya aktının qəbul edilməsi və ya müvafiq qərarın verilməsi məsələsinə baxılmalıdır.