“Qızı Vəfanı itirəndə Hökümə Qurbanovanı qucaqlayıb, ona təsəlli verə bilmədim, çox çəkinirdim”- ÖZƏL

“Hökümə Qurbanova əvvəllər məni çox qısqanırdı. Hətta bir dəfə kiçik zalda məşqimiz var idi. O da mənə sataşaraq dedi ki, “açarımın üstündə oturmusan”. Dedim ki, mən heç bir açarın üstündə oturmamışam, otursaydım hiss edərdim. Dedi ki, “yox, sən mənim açarımın üstündə oturmusan”. Mən ayağa qalxdım və özü də gördü ki, açar falan yoxdur. Başa düşdüm ki, bilərəkdən edir. O vaxt korifey sənətkarlarımızda belə xüsusiyyətlər var idi. Normal qəbul edirdik”

Bunu açıqlamasında Xalq artisti, Akademik Milli Dram teatrının aparıcı aktrisası Zemfira Nərimanova deyib.

O daha sonra əlavə edib:

“ “Kimdir haqlı?” tamaşasında rəhmətlik aktrisamız, Hökümə xanımın qızı Vəfa Fətullayeva ilə dublyor idik. Əlbəttə ki, qızını da mənə qısqanırdı.. Ana qısqanclığı var idi. Bu təbiidir. Amma vaxt elə gətirdi ki, Kleopatra obrazını oynayandan sonra Hökümə xanım məni qəbul etdi və dedi ki, “səhnəni sənə tapşıra bilərəm”. Sevincimin həddi-hüdudu yox idi. Sevinirdim ki, belə bir dahi aktrisa məni Kleopatra obrazında qəbul edibsə, bu böyük bir uğurdur” deyə o bildirib.

Zemfira Nərimanova Hökümə Qurbanovanın qızı Vəfa Fətullayevanın ölümündən də danışıb:

“Əfsuslar olsun ki, Hökümə xanım qızı Vəfanı tez itirdi. Mən evinə getdim. O oturmuşdu divanda, mən də onun yanındakı divanda idim. Yan-yana idik. Hökümə xanım mənim yanımda necə hönkür-hönkür ağlayırdı.. Bir biləsiz.. Mənim içimdəki cavanlıq qürurum imkan vermirdi ki, ona yaxınlaşım.. Bir də sözün düzü hardasa ondan çəkinirdim.. Cəhd edib ona yaxınlaşıb qucaqlamadım, öpmədim. Ona təsəlli vermədim. Bilmədim ki, özümü necə aparım?! Amma onun yaşındakı sənətkarlarımız içəri girəndə Hökümə xanım olurdu qaya, daş.. Hökümə xanımdan səs də gəlmirdi. Heykəl kimi otururdu, səsi də çıxmırdı. Hamı ona başsağlığı verirdi, Hökümə xanımın nə başı tərpənirdi, nə də gözü.. Gözündən bir damla yaş belə gəlmirdi.. Möcüzə idi.. Mən kənardan təəccüblə baxırdım. Sonra teatrda tamaşa qurmuşdular. Əsər Qeybulla Rəsulovun idi. Bizim teatrda Ədəbi-hissə müdiri işləyirdi. Orada elə bil Savxozun başçısının qızı rəhmətə gedir və o da həmin anda mütləq toya gəlməlidir.. O toya gəlir və başlayır rəqs etməyə. Bu rolu Hökümə xanım oynayırdı.. Allah, onun hərəkətində, hər qolunu atmağında faciəsi hiss olunurdu.. O rəqsi necə gözəl oynadı.. İlahi! Ömür boyu onu mən yadımdan çıxartmaram. Möcüzə aktrisa idi, böyük sənətkar idi. Dəqiq bilmirəm, ya bu tamaşadan sonra Hökümə xanımın qızı Vəfa rəhmətə getdi, ya da tamaşadan əvvəl. Amma səhv etmirəmsə Vəfa xanımın ölümündən sonra o heç bir tamaşada oynamadı.. Hökümə xanım teatra gələndə həmişə onun arxasınca gedirdim. Onun çox gözəl bədən quruluşu, siması var idi.. Oturuşu, duruşu, gəzməyi möhtəşəm idi” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, Hökümə Qurbanovanın mücrüsü hələ də ondadır:

“Hökümə xanım ağır xəstələnmişdi. O vaxt rəhmətlik Fuad Poladov mənə dedi ki, “Hökümə xanımın mücrüsü var, bütün tamaşalarda istifadə etdiyi bijuteriyalar oradadır, istəyir o mücrünü sənə versin”.. Mən də böyük məmnuniyyətlə həmin mücrünü qəbul etdim. Bu günə qədər o məndədir. Bəlkə də nə vaxtsa muzeyə verəcəm” deyə Xalq artisti bildirib.