ChatGPT-nin istifadəçilər haqqında onların xəbəri və birbaşa razılığı olmadan psixoloji profillər hazırladığı müəyyən edilib.
Almaniya, Hindistan və Niderlanddan olan alimlərin apardığı araşdırma zamanı 80 istifadəçinin ChatGPT ilə yazışma arxivləri təhlil edilib.
Nəticədə süni intellektin yaddaşında saxlanılan 2050 qeyd aşkarlanıb. Məlum olub ki, bu qeydlərin 96 faizi istifadəçilərin hər hansı məlumatı yadda saxlamaq barədə birbaşa müraciəti olmadan, ChatGPT tərəfindən müstəqil şəkildə yaradılıb.
Araşdırmaya görə, qeydlərin 28 faizində Avropa qanunvericiliyinin şəxsi məlumatların qorunması ilə bağlı tələblərinə aid olan fərdi məlumatlar, 52 faizində isə istifadəçilərin psixoloji xüsusiyyətləri – üstünlükləri, vərdişləri, maraqları və ehtimal olunan şəxsiyyət cizgiləri yer alıb.
Məlum olub ki, ChatGPT yalnız istifadəçilərin dediklərini yadda saxlamır, həm də onların sözlərindən müstəqil nəticələr çıxarır. Məsələn, istifadəçi “Nirvana” qrupuna bənzər musiqi qrupları tövsiyə etməyi xahiş edibsə, süni intellekt onun bu qrupu sevdiyi qənaətinə gələrək həmin məlumatı yaddaşına qeyd edə bilər. Halbuki istifadəçi bunu birbaşa ifadə etməyib.
Tədqiqatçıların fikrincə, çat-botlar tədricən adi alətlərdən şəxsi problemlərin, siyasi baxışların və emosional təcrübələrin bölüşüldüyü həmsöhbətlərə çevrilir. Nəticədə süni intellekt insan haqqında ənənəvi internet xidmətlərindən daha çox məlumat əldə edə bilər.
Alimlər xəbərdarlıq edirlər ki, bu cür fərdiləşdirmə yalnız məxfiliyin qorunması baxımından deyil, həm də yanlış qənaətlərin möhkəmlənməsi baxımından risklər yaradır. Belə ki, süni intellekt istifadəçinin baxışlarını yaxşı tanıdıqda və onun fikirləri ilə daim razılaşdıqda, mövcud yanlış təsəvvürləri daha da gücləndirə bilər.
Qeyd edək ki, araşdırmanın məlumatları toplandıqdan sonra OpenAI ChatGPT-nin yaddaş mexanizmini yeniləyib. Buna görə də tədqiqatın nəticələri xidmətin hazırkı versiyasının iş prinsipini tam əks etdirməyə bilər.