Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır.
Azərtac-a istinadla, noyabrın 9-da Ukrayna Ali Radasında keçirilən sessiya iclasında Ukrayna Silahlı Qüvvələri daxilində Kosmik Qüvvələrin yaradılması haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib. Təşəbbüs Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirmək məqsədi daşıyır.
Qanun ölkənin müdafiə potensialını gücləndirmək üçün kosmik texnologiyaları inkişaf etdirməyi hədəfləyir. Kosmik Qüvvələrin yaradılmasında məqsəd düşmənin raket buraxılışları üçün milli erkən xəbərdarlıq sistemini yaratmaq, raket və kosmik hücumlara qarşı effektiv əks tədbirlərin hazırlanmasını, təhlükəsizlik və müdafiə sektorunun ehtiyacları üçün milli təhlükəsiz peyk rabitə sisteminin formalaşdırılmasını həyata keçirməkdir.
Aparıcı ölkələrdən ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, İran və Rusiyanın öz kosmik qüvvələri var.
Qanun layihəsinin müəllifləri qeyd edirlər ki, Ukrayna öz peyklərini və idarəetmə sistemlərini yaratmaq üçün lazımi elmi, mühəndislik, istehsal və infrastruktur imkanlarına malikdir. Bu, ona öz peyk bürcü vasitəsilə kəşfiyyat imkanlarını genişləndirməyə imkan verəcək.