“Aramızdakı həmrəyliyə və qardaşlığa heç kim kölgə sala bilməz” – Ərdoğan

“Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir. Əməkdaşlığımızı enerji, nəqliyyat və infrastruktur başda olmaqla, bir çox strateji sahələrdə böyük layihələrlə inkişaf etdiririk. Atacağımız yeni addımlarla həmrəyliyimizi daha da möhkəmləndirəcəyik. Bütün bu məsələləri, eləcə də son regional prosesləri Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə müzakirə etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan bildirib ki, səfəri zamanı Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağda həyata keçirilən quruculuq işlərinin şahidi olub:

“Türkiyə olaraq Qarabağın inkişafı üçün əlimizdən gələn hər cür dəstəyi veririk. Türkiyə və Azərbaycan sevincdə də, kədərdə də tək ürək, tək yumruq olan, hər cür çətinliyə birlikdə sinə gərən iki qardaş dövlətdir. Aramızdakı məhəbbətə, həmrəyliyə və qardaşlığa heç kim kölgə sala bilməz. Bu həqiqəti bir daha bütün dünyaya göstərdiyimiz üçün səfərimizin Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi üçün xeyirli olmasını diləyir, nəzakətli ev sahibliyinə görə Prezident İlham Əliyevə bir daha təşəkkür edirəm”.

Türkiyə Prezidenti qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında həmrəylik, tarix və qardaşlıq var: “Bölgəmizdə və dünyada türkün güclü səsini digər qardaşlarımızla birlikdə ucaldacaq və rifah dolu gələcəyi birlikdə quracağıq. Bizim aramıza məsafə qoymağa çalışanlar millətlərimizin bir-birinə olan məhəbbətini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almırlar. Türkiyə və Azərbaycan bundan sonra da bölgəsinin hüzuru, sabitliyi və rifahı üçün çiyin-çiyinə addımlamağa davam edəcək. Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət etdikdə hansı addımları ata bildiklərini görmək üçün tarixə baxmaq kifayətdir. Biz fərqli dövlətlərik. Bütün bunlarla yanaşı, fərqli institusional strukturlara malikik. Eyni zamanda, qardaşlıq bağları ilə bir-birimizə sıx bağlıyıq. Bu, bizi ayaqda saxlayan, güclü edən ən mühüm amillərdən biridir. Bu qardaşlıq ortaq tariximizin, mədəniyyətimizin və gələcək nəsillərə qoyacağımız böyük irsin ən möhkəm təminatlarından biridir”.