Almaniya Rusiya və ABŞ-la birgə sammit keçirmək istəyir - Ukraynasız

Almaniyanın ultrasağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası 2027-ci ilin yazında Rusiya, ABŞ və Almaniyanın iştirakı ilə, Ukraynasız üçtərəfli sammit təşkil etməyi planlaşdırır. Görüşün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur.

Bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Partiyanın Bundestaqdakı parlament fraksiyası sədrinin müavini, Xarici Əlaqələr Komitəsinin üzvü Markus Frohnmayer bildirib ki, AfD Ukraynadakı müharibənin nizamlanmasında vasitəçi rolunu oynamaq niyyətindədir.

Nəşrin məlumatına görə, hazırda Almaniyada keçirilən ümummilli sorğularda 27-30 faiz dəstəklə liderlik edən partiya həm ABŞ Dövlət Departamenti və Donald Trampın müşavirləri, həm də Rusiya Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası ilə əlaqələrinin olduğunu bildirir.

Rusiyalı iş adamı Kirill Dmitriyev də AfD nümayəndələri ilə dekabrda görüş keçiriləcəyini təsdiqləyib. Onun sözlərinə görə, 2027-ci ilin ikinci rübündə müvafiq forumun təşkili də nəzərdə tutulur.

Frohnmayer sammitdə iqtisadi və enerji tərəfdaşlığının, eləcə də “Şimal axını” qaz kəmərinin gələcəyinin müzakirə ediləcəyini bildirib.

AfD Rusiya ilə münasibətlərin, xüsusilə iqtisadi sahədə dərhal bərpa edilməsini, sanksiyaların qeyd-şərtsiz ləğvini və Rusiyanın “Böyük yeddilik” (G7) qrupuna qaytarılmasını müdafiə edir. Partiya həmçinin rusiyalı idmançıların bütün beynəlxalq yarışlara buraxılmasını istəyir.