8 Noyabr - Zəfər Günü ərəfəsində Vətən müharibəsində şəhid olan baş leytenant Vüsal Məhərrəmovun həyat yoldaşı Mətanət Məhərrəmova onun döyüş yolu, ailəsinə son zəngi və övladlarının yaddaşında qalan xatirələrindən danışıb.
Mətanət Məhərrəmova Trend-ə açıqlamasında bildirib ki, ehtiyatda olan zabit Vüsal Məhərrəmov 2020-ci il sentyabrın 29-da döyüşə yollanıb. Füzuli istiqamətində döyüşlərdə iştirak edib, daha sonra Şuşaya gedib. Noyabrın 6-da Şuşanın Daşaltı kəndində şəhid olub.
Həyat yoldaşının sözlərinə görə, onunla sonuncu dəfə noyabrın 3-də danışıb:
"Dedi ki, Şuşaya gedirik, ola bilsin, mənə zəng çatmasın, narahat olmayın. Uşaqları mənə tapşırdı. Görüşərik, qayıdacağam, - dedi".
Mətanət Məhərrəmova bildirib ki, Vüsal Məhərrəmov Masallı rayonunun Şıxəkəran kəndində dəfn olunub.
Onun sözlərinə görə, iki oğulları ataları şəhid olanda 14 və 12 yaşlarında olublar. Atalarını daim yanlarında görməyə alışan uşaqlar onun yoxluğunu çətin qəbul ediblər.
"Böyük oğlum özünə qapanmışdı. Onu çətinliklə əvvəlki həyatına qaytara bildik. Kiçik oğlum isə kədərini üzə vurmadı, içində yaşadı. Zaman keçdikcə uşaqlar atalarının artıq qayıtmayacağını anladılar, öz yollarına davam etdilər. Amma ataları həmişə həyatımızdadır. Hər gün yanımızdadır, unudulmur", - deyə o bildirib.
Mətanət Məhərrəmova həyat yoldaşının müharibədən əvvəl tikintidə çalışdığını, xüsusilə betondan pilləkən hazırlamağı sevdiyini də xatırlayıb. Onun sözlərinə görə, Vüsal Məhərrəmovun avtomobil sürməyə də həvəsi olub, lakin bu arzusu gerçəkləşməyib.
Qeyd edək ki, şəhid baş leytenant Vüsal Məhərrəmov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan tərəfindən III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. O, həmçinin "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Vüsal Məhərrəmovun xatirəsi əbədiləşdirilərək doğulduğu Masallının Hişkədərə kəndində və Bakı şəhərində küçələrə onun adı verilib. Türkiyədə də onun adını daşıyan gəmi fəaliyyət göstərir.