Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci il oktyabrın 16-da, 44 günlük İkinci Qarabağ müharibəsinin 20-ci günündə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə, təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə, həmçinin böyük hərbi qələbə oldu və Azərbaycan tarixinə Zəfər Günü kimi yazıldı. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, həmçinin taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşanın işğaldan azad edilməsi böyük hərbi qələbə olaraq Zəfər günü kimi tarixə yazıldı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüququn prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə, Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi. Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasına son qoydu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici mediaya verdiyi çoxsaylı müsahibələr 30 ildən artıqdır ki, davam edən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, həmçinin onun himayədarlarının ifşa olunması ilə nəticələndi.Prezident, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Mədəniyyət paytaxtının azadlığı Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Bununla yanaşı, 2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi. Azərbaycanın müasir tarixinin yeni və şərəfli dövrü yazılır Bununla yanaşı, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb və “Şuşa – 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Bu baxımdan İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Qarabağda, o cümlədən Şuşada keçirilən beynəlxalq tədbirlər müstəsna əhəmiyyət daşıyır. Bununla yanaşı, keçirilən beynəlxalq tədbirlər işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması, həmçinin Azərbaycanın mədəni irsinin dünyaya çatdırılması baxımından da çox mühüm əhəmiyyət kəsb edir.Ümumiyyətlə, 2021-2026-cı illərdə keçirilən mühüm tədbirlər bir daha təsdiq edir ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji mərkəzə çevrilməkdədir. Bütün qeyd edilən faktlara və təhlilə əsaslanaraq əminliklə söyləmək olar ki, Azərbaycanın müasir tarixinin yeni və şərəfli dövrü yazılır.