Moskvanın mərkəzində 200-ə yaxın şəxs saxlanılıb

Noyabrın 7-də axşam saatlarında Moskva polisi “Kitay-qorod” metro stansiyası yaxınlığında genişmiqyaslı reyd keçirib.

“Ostorojno, novosti” nəşrinin yazdığına görə, saxlanılmalar axşam saat 20:00 radələrində Bolşoy Spasoqlinişevski döngəsində yerləşən “Qorka” parkının yaxınlığında başlayıb. Əraziyə təxminən 10 ədəd məhbus daşıyan avtomobil gətirilib.

Şahidlərin sözlərinə görə, polis əməkdaşları gəncləri barların, mağazaların yaxınlığında və ətraf həyətlərdə saxlayıblar. Onlar Basmannı və Taqanski polis şöbələrinə aparılıblar. Müxtəlif məlumatlara əsasən, saxlanılanların sayı 100-200 nəfər arasında dəyişir. Onların arasında yetkinlik yaşına çatmayanlar da var.

“Baza” teleqram kanalının iddiasına görə, ən azı 17 yeniyetmə ictimai yerdə spirtli içki qəbul etdiklərinə görə inzibati protokollaşdırılıb. Bir neçə saat sonra ilk saxlanılanlar polis şöbələrindən buraxılmağa başlayıb. Nəşrin məlumatına görə, sənədləşdirmə işləri başa çatdıqdan sonra yeniyetmələr qanuni nümayəndələrinə təhvil verilib.

Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi “Kitay-qorod” ərazisindəki saxlanılmaları profilaktik tədbirlərlə izah edib. Bildirilib ki, tədbirlərin məqsədi “ictimai asayişin təmin edilməsi, inzibati hüquqpozuntularının, o cümlədən ictimai yerlərdə spirtli içkilərin qəbul edilməsi ilə bağlı halların qarşısının alınması və aşkarlanması” olub.