“Noyabrın 2-də bizi qərargaha çağıraraq dedilər ki…” - Vətən Müharibəsi Qəhrəmanı ilə MÜSAHİBƏ-VİDEO

Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Zaur Hüseynovun Ölkə.az xəbər portalına müsahibəsi.

- Azərbaycan xalqı Vətən müharibəsinə qədər hansı yolu keçib? Zəfərə aparan yolda həlledici amillər nələr olub?

- Biz Vətən müharibəsindən danışanda, keçdiyimiz bu yolu xatırlayanda, eyni zamanda öz tarixi və milli yaddaşımızı yeniləyirik. Və özümüzə bir neçə vacib sual vermək üçün də yaxşı fürsət yaranır:

Biz bu günlərə hansı yollardan keçib gəlmişik? Bu gün haradayıq və bundan sonra nə etməliyik?

Bu sualların cavabında, qeyd etdiyiniz kimi, xalqımızın keçdiyi yolu, dövlətimizin, ordumuzun gücünü və bundan sonrakı dövrlərdə qarşımızda dayanan məsuliyyətləri görürük.

Biz bu günlərə çox ağır zamanlardan keçib gəlmişik. Biz bu günlərə müstəqilliyini yenicə bərpa etmiş və sabah onu nələrin gözlədiyini bilməyən bir Azərbaycandan gəlmişik.

Biz Xocalının fəryadından, Qanlı 20 Yanvardan, Birinci Qarabağ müharibəsinin döyüşlərindən, şəhid xəbərlərindən, yüz minlərlə evindən, obasından didərgin düşən insanlarımızın fəryadından gəlmişik bu günlərə. Əliyalın, ayaqyalın, azuqəsi çatmayan əsgərlərimizin savaşlarından gəlmişik. Düşünürəm ki, bir çoxumuz həmin günləri yaşayıb.

Tarixin bir dövründə xalqımız üçün dönüş nöqtəsi oldu. Azərbaycan xalqının xilaskarı və Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik düşüncəsi Azərbaycan xalqını, Azərbaycan dövlətini sabitlik, inkişaf və güclü dövlət quruculuğu yoluna çıxardı.

Bundan sonra aradan illər keçdi, Azərbaycan dəyişdi, dövlətimiz gücləndi, iqtisadi imkanlarımız artdı, ordumuz gücləndi və ən əsası, Azərbaycan xalqının öz dövlətinə olan inamı möhkəmləndi.

Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir silahlarla təchiz olunmuş, yüksək döyüş hazırlığı vəziyyətinə gətirilmiş güclü bir orduya çevrildi.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusu çox çətin zamanlardan keçərək bu səviyyəyə gəlib çatıb.

İllərlə əsgərlərimiz səngərlərdə dayanıb, poliqonlarda təlimlər keçmişik, gecəsi-gündüzü olmayan döyüş tapşırıqlarını yerinə yetirmişik. Bu inkişaf yolunda yüksək peşəkarlıq qabiliyyətinə malik Xüsusi Təyinatlı Qüvvələr yaradılıb.

Yüksək dağlıq ərazilərdə, meşəlik ərazilərdə, şaxtalı, boranlı günlərdə, isti havalarda Azərbaycan oğulları bu günlərə gəlib çatmaq üçün təlimlər keçiblər.

2016-cı ilin aprelində düşmən təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu Lələtəpə və Talış kəndi istiqamətlərində döyüş əməliyyatları keçirdi.

Mən də öz bölməmlə həmin döyüşlərdə iştirak etmişəm. Biz Aprel döyüşlərində düşünmürdük ki, dörd gün sonra bu döyüş dayanacaq. Biz düşünürdük ki, artıq haqq savaşımız başlayıb və bu, sona qədər davam edəcək. Biz bu əhval-ruhiyyədə idik. Dörd gün sonra savaş dayandı, amma düşüncəmizdəki, içimizdəki savaş dayanmadı.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda atılan ilk mərmini Aprel döyüşlərində atılan son mərminin davamı kimi hiss etdim.

Biz Aprel döyüşlərində təkcə bir ərazi parçası qazanmadıq. Biz öz gücümüzə inam qazandıq və başa düşdük ki, artıq işğalın sonuna az qalıb, qələbə o qədər də uzaqda deyil.

Daha sonra 2020-ci ildə Tovuz döyüşləri oldu. Həmin döyüşlərdə Milli Qəhrəman, general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və silahdaşlarının şəhid olması hər kəsə təsir etdi. İnsanlar küçələrə çıxdılar, Qarabağ şüarları səsləndirdilər, vətən nəğmələri oxudular, orduya dəstək oldular. Hətta bir çox insan səfərbərlik idarələrinə gedərək adlarını orduya yazdırmaq üçün növbəyə durdu. Bütün bunlar Vətən müharibəsinə gedən yol, Vətən müharibəsinə atılan addımlar idi.

- Zəfərdən danışanda xüsusi nələri qeyd etməliyik?

- 27 sentyabr, 2020-ci il, Vətən müharibəsinin ilk günü Azərbaycan oğulları cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan tarixinin ən şərəfli, ən dəyərli səhifələrini yazmağa başladılar.

Mən də öz bölməmlə həmin yolu keçmişəm. Yolumuz Cəbrayıldan, Hadrutdan, Füzulidən, Xocavəndin kəndlərindən, meşələrindən, dağlarından keçərək bizi Şuşaya çatdırıb.

Vətən müharibəsində keçdiyimiz bu yol bizə həyatın heç bir kitabda yazılmayan dərslərini öyrətdi: Vətən sevgisi hər şeydən üstün olanda sənin qarşında heç bir maneə dayana bilməz.

Bizim keçdiyimiz bu yol asfalt yolu deyildi. Bu yolda şəhid qanı var idi, gecəsi-gündüzü olmayan savaşlar var idi, əsgər iradəsi var idi. Bizim keçdiyimiz yolda anaların duası, tarixi abidələrimiz var idi.

Bizim keçdiyimiz yolda keçmişimiz var idi. Xudafərin körpüsü, Azıx mağarası, İsa bulağı, Şuşanın qayaları, Cıdır düzü, Şuşa qalası var idi. Ən əsası da, bu yolda xalqımızın 30 illik həsrəti var idi. Azərbaycan oğulları cənab Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoydular.

- Şuşa əməliyyatı ilə bağlı döyüş tapşırığını alanda hansı hissləri keçirdiniz?

- Şuşanın işğaldan azad olunması ilə bağlı döyüş tapşırığı əmrini 2 noyabr 2020-ci ildə aldıq. Tabur komandirlərini yuxarı qərargaha çağıraraq əmri verdilər. Şuşa işğal olunanda bizim yaşımız az idi, o əraziləri görməmişdik. Bizə həmin ərazilərin planını, xəritələrini verdilər və biz o əraziləri təhlil edərək harada hansı obyektlərin yerləşdiyini, düşmənin ehtimal olunan mövqelərini və hansı istiqamətdən Şuşa şəhərinə yaxınlaşacağımızı müəyyən etdik.

Şuşanın azad olunması əmrini alanda bu, bizim üçün həm xoşbəxt, sevindirici bir hiss idi, həm də içimizdə böyük narahatlıq vardı. Çünki bu, böyük məsuliyyət idi. Şuşanın azad olunmasının bizim üçün həm mənəvi dəyəri var idi, həm də hər bir hərbçinin qarşısına qoyulan döyüş tapşırığının məsuliyyəti var idi. Amma düşünürdük ki, bu savaşı da qələbə ilə yekunlaşdıracağıq və belə də oldu. Biz noyabrın 2-də hərəkətə başladıq və artıq noyabrın 3-ü axşam saatlarında Laçından Şuşaya gələn yolun üzərində idik. Həmin əraziləri azad etmişdik və Şuşa şəhərinə yaxınlaşmaq üzrə idik.

Düşmən bütün istiqamətlərdə mövqelərini möhkəmləndirmişdi, bizim haradan yaxınlaşacağımızı çox yaxşı bilirdi. Bizim yuxarı komandanlıq da digər döyüş əməliyyatlarında olduğu kimi, düşməni aldatmaq məqsədilə bizim istiqamətlərimizi bir neçə dəfə dəyişdirmişdi. Düşmənin gözləmədiyi ərazilərdən Şuşaya yaxınlaşdıq və o qayaları, həmin əraziləri qalxdıq. Biz o əraziləri qalxanda çox çətinliklə üzləşdik. Çünki relyef həddindən artıq sərt idi və üzərimizdəki təchizat, ağırlıqlar, şəxsi heyətin daşıdığı ehtiyat sursatlar, eləcə də ərazinin relyefi hərəkətimizə öz təsirini göstərirdi.

Amma bu çətinliklərə baxmayaraq, Azərbaycan oğulları qarşılarına qoyduqları məqsədə çatmaq üçün hədəfə doğru bütün amalı ilə addımladı. Silahı olmayan süngüsü ilə, süngüsü olmayan yalın əlləri ilə düşmənin üzərinə atıldı. Düşünürəm ki, bu döyüşlərin emosional yükünü həmin döyüşçülər, silahdaşlarım ömürlərinin axırına qədər yaşayacaqlar.

- Şuşaya daxil olduğunuz ilk anı necə xatırlayırsınız? Şəhəri gördükdə ilk olaraq nə düşündünüz?

- Biz Şuşaya doğru irəliləyəndə, o ərazilərə qalxanda içimizdəki rahatlıq hissinin səbəbi o idi ki, biz öz yurdumuza geri qayıdırdıq. Biz özümüzü orada yad hiss etmirdik, öz doğma elimizə, obamıza qayıtdığımızı hiss edirdik. Hiss edirdik ki, Şuşa özü də həmin ərazilərdə bizi illərdir gözləyir.

Çünki həmin meşələrdə, həmin dağlarda hərəkət edəndə təbiət özü də bizi qoruyurdu. Şuşanın dumanı və uzun müddət yağmayan yağış...

Biz Şuşaya daxil olanda düşmənin çoxsaylı qüvvələri, tankları və zirehli texnikaları ilə rastlaşdıq. Həmin anda o çətinliyi dəf etmək üçün sanki təbiət özü də bizə kömək edirdi. Noyabrın 6-da səhər saatlarında biz Şuşaya daxil olanda güclü yağış yağmağa başladı. Sanki təbiət özü də bizə kömək edirdi ki, düşmən qüvvələrini dəf edək.

Biz düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edərək Şuşa şəhərinə daxil olduq. Şuşaya daxil olanda düşünürəm ki, mənim kimi bütün silahdaşlarım da daxilən bu xoşbəxtlik hissini yaşayırdı. Biz sanki böyüdüyümüz, məktəbə getdiyimiz, uşaqlığımızı keçirdiyimiz bir şəhərə qayıtmışdıq.

Şuşanın ab-havası bizə o qədər doğma gəlirdi. Mənə elə gəlirdi ki, uzun müddət bu ərazilərdə, Şuşada yaşamışam. Bu doğmalıq hissi bizə Şuşanı üç gün müddətində əliyalın, kiçik çaplı silahlarla qorumaq üçün böyük stimul verdi.

Biz Şuşa şəhərinə daxil olduqdan sonra düşmən Xankəndi istiqamətindən tanklar və piyadalarla üzərimizə hücum edərək Şuşa şəhərinə daxil olmaq istəyirdi. Mən öz bölməmlə Şuşanın qala divarlarını özümüzə mövqe seçərək Şuşanı Xankəndidən gələn hücumlardan müdafiə etmək üçün mövqeləndim.

Bu doğmalıq hissi də oradan irəli gəlirdi ki, Şuşanın özü də illərdir bizi gözləyirmiş kimi idi. O qala divarları öz övladı kimi bütün Azərbaycan oğullarını öz ağuşuna alaraq üç gün boyunca tank mərmilərindən qorudu.

- Döyüşlər zamanı komandir kimi ən çətin qərarı verməli olduğunuz an hansı olub? Belə məqamlarda qərar vermək üçün nələri nəzərə alırdınız?

- Döyüş şəraitində komandir kimi qərar vermək o qədər də asan deyildi. Çünki həm döyüş tapşırığı dəqiq yerinə yetirilməli idi, həm də şəxsi heyət sağ-salamat bu tapşırığı yerinə yetirməli, itkilərin sayı az olmalı idi.

Ən çətin qərarlardan biri Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatı zamanı oldu. Biz Şuşaya daxil olandan sonra düşmənin çoxsaylı qüvvəsi ilə üzləşdik. Onlar Xankəndi istiqamətindən tanklarla üzərimizə hücum edirdilər. Bizim xüsusi təyinatlı olaraq sürətimizə çata bilməyən tank əleyhinə vasitələr heyəti bir qədər geridə idi.

Tankları vurmaq üçün əlimizdə uzaqmənzilli raketlərimiz yox idi. Tanklar müəyyən məsafədən üzərimizə atəş açır, mövqelərimizi üstələyərək Şuşa şəhərinə daxil olmaq istəyirdilər.

Burada komandir olaraq verdiyim çətin qərar o idi ki, şəxsi heyəti hansı mövqelərdə yerləşdirməliyəm ki, onları düşmənin zirehli texnikasından və tanklarından qoruya bilim, eyni zamanda Şuşa şəhərini müdafiə edə bilim.

Qərarım ondan ibarət oldu ki, digər bölmə komandiri ilə razılaşdıraraq Şuşa şəhərinin içərisini təmizləmə tapşırığını o yerinə yetirəcəkdik. Mən isə şəxsi heyəti Şuşa qalasında, qala divarlarında yerləşdirərək, qala divarlarını özümüzə sipər etməklə tank əleyhinə vasitələr gələnə qədər düşmənin canlı qüvvəsini şəhərə buraxmayacaqdım. Belə də oldu.

Şəxsi heyəti qala divarlarında yerləşdirdim və “Üç yol” adlanan, yanacaqdoldurma məntəqəsinin olduğu ərazini, eləcə də Xankəndidən gələn yolu nəzarətdə saxlamaqla düşmənin canlı qüvvəsinin qarşısını alaraq, onları şəhərə buraxmadıq.

Noyabrın 7-si günün birinci yarısında həmin tank əleyhinə vasitələr bizə gəlib çatdı. Onlardan istifadə edərək düşmənin tanklarını məhv etdik və onları geri çəkilməyə məcbur etdik.

Beləliklə, bu döyüşlərin nəticəsində noyabrın 8-də Şuşa şəhərində Azərbaycan bayrağı dalğalandı. Bu xəbəri cənab Ali Baş Komandan İlham Əliyev şəxsən xalqa özü çatdırdı. Bu, onu göstərirdi ki, artıq 28 ildən sonra bizim üçün mənəvi dəyəri böyük olan Şuşa şəhəri işğaldan azad olunub. Eyni zamanda, tariximiz, mədəniyyətimiz, incəsənətimiz və milli qürurumuz da işğaldan azad olunub.

Döyüşlərdə qəhrəmanlıqlar göstərən oğullar bilirdilər ki, onların arxalarında dövlət dayanıb. Azərbaycan zabiti qarşısında duran tapşırığın əsasında xalqın iradəsinin dayandığını bilirdi. Biz gözəl anlayırdıq ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iradəsi dönməzdir. Azərbaycan xalqı öz torpaqlarına qayıdacaq və qayıtdı. Biz qələbə qazandıq.

Bəli, biz qələbə qazandıq. Artıq qalib idik. Bu, hərbi qələbə, siyasi nəticəsi olan qələbədir, Zəfərdir.

Qələbə qazanmış ordunun zabiti olaraq, Şuşadan Xankəndinə baxanda, Xocalını, Əsgəranı görəndə, xəritədə Ağdərəni görəndə içimdə hər zaman bir narahatlıq hissi keçirirdim. Bu hiss tamamilə fərqli idi. Bu hiss suveren Azərbaycanın hər qarışında Zəfəri, Azərbaycan bayrağını görmək arzusu idi.

Azərbaycan oğullarının, xüsusilə də Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar düşmən üzərində böyük qorxu yaratmışdı. Bundan istifadə edən dövlətimiz yeni-yeni xüsusi təyinatlı briqadalar yaradaraq, 2022-ci ildə Qisas əməliyyatını və 2023-cü ildə lokal antiterror əməliyyatını həyata keçirdi, düşməni tam təslim olmağa məcbur etdi və suveren ölkəmizin hər qarışında Azərbaycan bayrağı dalğalanmağa başladı.

Oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını dalğalandırdı. Bu gün Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə bayrağımız dalğalanır və bayrağımızın dalğalanmadığı heç bir Azərbaycan ərazisi qalmayıb. Məhz suverenlik budur: öz torpağında öz bayrağın, öz torpağında öz dövlətin, öz torpağında öz qanunların və öz sözün olsun.

- Bu gün Şuşaya səfər edəndə, müharibə dövründəki şəhərlə indiki Şuşanı müqayisə edəndə gözünüzün önündən nələr keçir?

- İşğaldan azad olunmuş ərazilərə ayaq basanda, oranı ziyarət edəndə əvvəlki dövrlərlə müqayisədə içimizdəki qürur hissi bir qədər də böyük olur. Ona görə ki, artıq bu gün həmin ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər salınır, məktəblər tikilir, yollar, hava limanları inşa edilir. Bu gün artıq vaxtilə səngər, döyüş meydanı olan ərazilərdə insanlar öz evlərinə, ata-baba yurdlarına qayıdırlar. Hesab edirəm ki, bu, qələbəmizin, dövlətimizin gücünün ən parlaq nümunəsidir.

Bu gün Şuşaya gedəndə işğaldan azad etdiyimiz o qayaların, daşların, divarların necə böyük milli-mənəvi dəyərə malik olduğunu daha yaxşı başa düşürəm.

Vətən müharibəsində azad etdiyimiz Şuşa şəhərindəki həmin daşların, divarların dağıdıldığını, şəhərin viran qoyulduğunu görəndə başa düşmürdük ki, bu, hansı abidə olub və ya onun tarixi əhəmiyyəti nədən ibarətdir.

- Müharibədən sonra həyatınızda və dünyaya baxışınızda hansı dəyişikliklər baş verib?

- Hesab edirəm ki, Vətən müharibəsində iştirak edən hər bir döyüşçünün düşüncələrində və emosiyalarında həmin günlərin ağrı-acısı ömür boyu yaşayacaq.

İnsan həyatın məsuliyyətini başa düşür. İnsan bu həyatda niyə var olduğunu, niyə mövcud olduğunu və qarşısında hər zaman ali məqsədlərin ola biləcəyini anlayır. Biz bu həyata sadəcə yaşayıb, sonra da köçüb getmək üçün gəlmədiyimizi başa düşürük.

Hər bir insanın bu dünyada, öz ölkəsində, Vətənində, ailəsində böyük məqsədləri, məsuliyyətləri və tapşırıqları olur. Bizlər Vətən müharibəsində bu məsuliyyətin bir hissəsini yerinə yetirdik.

Vətən müharibəsində qazandığımız bu uğur, qələbə, nailiyyət xalq olaraq bundan sonrakı həyatımızda, gələcək dövrlərdə və fəaliyyətlərimizdə növbəti uğurlarımızın başlanğıcı olmalıdır. Artıq bu proses başlayıb.

Biz keçdiyimiz bu yolu sadəcə tarixin köhnə vərəqləri kimi müəyyən zamanlarda vərəqləyib, sonra da bir kənara qoymamalıyıq. Biz öz qələbəmizi daim yaşatmalıyıq, Zəfərimizi yaşatmalıyıq. Zəfərin şahidlərini, şəhidlərimizin əziz xatirəsini, döyüşçülərimizin qəhrəmanlıqlarını, Şuşaya gedən yolu hər zaman yaşatmalıyıq. Bu, qeyd etdiyim kimi, növbəti uğurlarımızın təməli, başlanğıcı olmalıdır.

Düşünürəm ki, Vətən müharibəsində xalq, ordu və dövlət olaraq bir araya gələrək göstərdiyimiz birliyi, bərabərliyi bundan sonra da uzun müddət qorumağa ehtiyacımız var. Çünki biz müharibədə qalib gələ bilərik, amma bundan sonra sülhü təmin etmək, dövlətimizin sütunlarını qorumaq, daha da inkişaf etmiş, güclü, dünyəvi Azərbaycana nail olmaq üçün bu birliyi, bərabərliyi daim qorumalıyıq. Xalq və cəmiyyət olaraq dövlətimizin qarşısına qoyduğu ali hədəflərə çatmaq üçün əsas stimul olmalıyıq.

Hər birimiz güclü dövlətimizin olmasını və güclü, dünyəvi dövlətin vətəndaşı olmağı istəyirik. Güclü dövləti qorumaq üçün sağlam cəmiyyətə ehtiyacımız var. Bu sağlam cəmiyyəti qorumaq üçün də fərd olaraq hər birimiz öz üzərimizdə işləməliyik.

Vətənpərvərlik təkcə döyüş meydanında yada salınmalı deyil. Vətənpərvərlik hər zaman insanın daxilində olmalıdır. Vətənpərvərlik təkcə “Vətənimi sevirəm” deməklə olmur. Vətənə olan sevgini öz əməllərində göstərməlisən.

Düşünürəm ki, dövlətçilik anlayışı bizim düşüncələrimizdə təkcə siyasi bir anlayış olmamalıdır. Dövlətçilik anlayışını nəsillərin bir-birinə ötürdüyü məsuliyyət kimi başa düşməliyik.

Bizdən əvvəlkilər dövlətimizi qurdular, qorudular. Bizim nəsil onun azadlığı, suverenliyi uğrunda savaşdı. Bizdən sonrakı nəsilləri də elə yetişdirməliyik ki, onlar bu anlayışı səmimi, özününkü olaraq və öz ideyaları kimi başa düşsünlər, özlərini bu mövzuda yad hiss etməsinlər. Çünki vətənpərvərlik hisslərini biz hər zaman aşılamalıyıq, təkcə döyüş meydanında yox. Həyatın bütün istiqamətlərində vətənpərvər olmalıyıq. Övladlarımızı yetişdirəndə də, məktəbdə şagirdlərimizi yetişdirəndə də, iş yerlərimizdə də, ümumilikdə cəmiyyətdə də vətənpərvər olmalıyıq.

Hər kəs öz mövqeyində öz işini layiqincə yerinə yetirsə, bu məqsədə çatmağın ən uyğun və asan yolu olar.

Gənc nəsil, qeyd etdiyim kimi, bizim bu günə qədər keçdiyimiz yolu, Vətən müharibəsindəki qələbəmizi və bundan sonrakı məsuliyyətlərimizi hər zaman öz məsuliyyəti və qarşısında duran vəzifə kimi başa düşməli, qəbul etməlidir.

Çünki bu dövlət bizimdir və bu dövləti gücləndirmək, qorumaq bizim məsuliyyətimizdədir. Bunun ən ali nişanəsi də odur ki, biz Vətən müharibəsində bu qələbəni dövlət, xalq və ordu olaraq özümüz qazanmışıq.

Bu yolda öz canlarını qurban verən şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutmalıyıq, onların əmanətlərinə, adlarına sahib çıxmalıyıq.

Bizim torpaqlarımızın hər qarışında şəhidlərimizin qanı var. Onlar bizim üçün hər zaman əbədiyyət simvolu olaraq yaşamalıdırlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Həmidə İbrahimova

FOTO-VİDEO: Adəm Seyidli