Bakı, 8 noyabr, AZƏRTAC8 Noyabr – Zəfər Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) regional nümayəndəlik və bölmələrinin təşəbbüsü ilə ölkənin müxtəlif şəhər və rayonlarında silsilə tədbirlər təşkil olunub.AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində gənclər Şəhidlər xiyabanlarını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Bununla yanaşı, Zəfər Gününə həsr olunmuş dəyirmi masalar, görüşlər və maarifləndirici tədbirlər keçirilib. Görüşlərdə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyəti, Azərbaycan xalqının milli birliyi, şəhid və qazilərimizin qəhrəmanlığı, həmçinin bu Qələbənin ölkəmizin gələcək inkişafı üçün yaratdığı imkanlar müzakirə olunub. Çıxışlarda qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub, xalqımızın uzun illər gözlədiyi tarixi ədalət təmin edilib.Eyni zamanda, gənclərin tarixi Zəfər haqqında biliklərinin artırılması, milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edilib. Həmçinin Zəfər Gününün tarixi əhəmiyyətini və Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən “Şuşa, sən azadsan!”, “Zəfər qəhrəmanları”, “Zirvə” və “Zəfər andı” filmləri nümayiş etdirilib, bayram münasibətilə konsert proqramı təqdim olunub.