Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə şəhidlərin və Heydər Əliyevin xatirəsini yad edib. Bu barədə nazirlik məlumat yayıb.
Nazirliyin nümayəndələri əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra Hərbi Memorial Məzarlıqda Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və məzarların üzərinə güllər düzülüb.
Ziyarət Zəfər parkında davam edib. Müdafiə naziri Zakir Həsənov burada şəhid ailələri və yaxınları ilə görüşərək onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıb.
Nazirliyin məlumatına görə, şəhid ailələri dövlət dəstəyinə görə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.