Bakı, 8 noyabr, AZƏRTAC 8 Noyabr - Zəfər Günü Azərbaycanın müasir dövlətçilik tarixində ən mühüm dönüş nöqtələrindən biridir. Bu tarix 44 gün davam edən Vətən müharibəsində əldə edilən hərbi uğurun ildönümündən daha geniş məna daşıyır və Azərbaycanın tarixi mübarizəsini, milli iradəsini, dövlət suverenliyini bərpa etmək əzminin ifadəsidir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu deyib.O bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra üzləşdiyi ən mühüm problemlərdən biri ərazilərinin bir hissəsinin işğal altında olması idi. Bu vəziyyət yalnız ölkənin ərazi bütövlüyünə deyil, milyonlarla insanın həyatına və ictimai yaddaşına dərindən təsir göstərirdi. Təxminən otuz il davam edən bu prosesdə Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq arzusu milli kimliyin mühüm elementlərindən birinə çevrildi. 2020-ci ildə əldə edilən Zəfər bu tarixi mübarizənin gedişatını dəyişdirdi. Azərbaycan hərbi potensialını, institusional gücünü və ictimai həmrəyliyini nümayiş etdirərək öz tarixinin yeni bir dövrünü başlatdı. Bu səbəbdən Zəfər yalnız hərbi uğur deyil, eyni zamanda, milli iradənin və dövlət qətiyyətinin konkret təzahürüdür. Türk dünyası baxımından Azərbaycanın Zəfəri ortaq tarix və mədəni bağlardan əlavə, çox mühüm strateji məna daşıyır. Azərbaycan müstəqil türk dövləti olaraq öz hərbi potensialı, texnoloji imkanları və milli iradəsi ilə tarixi uğur əldə edə biləcəyini göstərdi. Bu hadisə Türk dünyasının digər dövlətləri üçün də özünəinam və motivasiya mənbəyinə çevrildi. Xüsusilə müdafiə sənayesi, hərbi modernləşmə, institusional potensial və milli təhlükəsizlik sahələrində öz imkanlarını inkişaf etdirməyin əhəmiyyətini daha da ön plana çıxardı. Bu baxımdan, 8 Noyabr - Zəfər Günü Türk dünyası üçün Azərbaycanın tarixi uğuru ilə yanaşı, ortaq milli iradənin, həmrəyliyin və müstəqillik şüurunun güclənməsinə töhfə verən mühüm tarixi dönüş nöqtəsidir. Eyni zamanda, türk dövlətlərinin öz potensialına, müstəqil fəaliyyət imkanlarına və ortaq gələcək perspektivlərinə münasibətdə mühüm istinad nöqtəsidir. Azərbaycanın yazdığı bu tarix Türk dünyasının kollektiv yaddaşında mühüm yer tutur”, - deyə türk ekspert qeyd edib. M.G.Özçubukçu diqqətə çatdırıb ki, Azərbaycanın əldə etdiyi Zəfər Cənubi Qafqazda uzun illər davam edən geosiyasi status-kvonu əhəmiyyətli dərəcədə dəyişdirdi və regionda yeni siyasi dövrün başlanğıcını qoydu. Otuz il ərzində davam edən mövcud düzən Azərbaycanın hərbi uğuru ilə birlikdə köklü dəyişikliyə uğradı. Bu hadisə yalnız Azərbaycan-Ermənistan münasibətlərindəki tarazlığı deyil, eyni zamanda, Rusiya, Türkiyə, İran və Qərb aktorlarının regiona yönəlmiş siyasətlərini yenidən nəzərdən keçirmələrini zəruri edən bir proses ortaya çıxardı. İlk növbədə, Azərbaycan bu Zəfərlə Cənubi Qafqazdakı siyasi və strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi, regional proseslərin formalaşmasında birbaşa təsir göstərən, öz prioritetlərini müəyyənləşdirən və strateji təşəbbüs irəli sürə bilən aktor mövqeyinə yüksəldi. Azərbaycan Cənubi Qafqazda oyunqurucu aktorlardan biri kimi ön plana çıxdı. Bu dəyişikliyin əsasını ölkənin hərbi potensialı ilə yanaşı, iqtisadi imkanları, enerji siyasəti, diplomatik əlaqələri və coğrafi mövqeyini strateji üstünlüyə çevirmək bacarığı təşkil edir. Meydana çıxan yeni şərait Ermənistanın təhlükəsizlik və xarici siyasət prioritetlərini də yenidən nəzərdən keçirməsinə səbəb oldu. Azərbaycanın 2023-cü ildə Qarabağda öz suverenliyini bərpa etməsi ilə regiondakı hərbi və siyasi mənzərə yeni mərhələyə qədəm qoydu. Beləliklə, uzun illər həllini tapmayan münaqişənin yerini dövlətlərarası münasibətlərin normallaşdırılması və davamlı sülh axtarışları tutmağa başladı.Mütəxəssis vurğulayıb ki, regionun gələcəyi baxımından ən mühüm məsələlərdən biri Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda iki ölkə arasında sülh sazişinin mətninin paraflanması və nəqliyyat bağlantılarının açılmasına dair ortaq iradənin bəyan edilməsi normallaşma prosesində mühüm mərhələ oldu. Zəngəzur bağlantısı, Xəzərdən keçən nəqliyyat şəbəkələri və Orta Dəhlizin inkişaf etdirilməsi bu yeni dövrün iqtisadi və strateji istiqamətlərini təşkil edir.“Azərbaycanın əldə etdiyi Zəfərin ən mühüm geosiyasi nəticəsi Cənubi Qafqazda əvvəlki status-kvonun davam etdirilməsinin mümkünsüzlüyünün ortaya çıxması və ilk növbədə regiondan kənar güclərin, eləcə də beynəlxalq aktorların yeni geosiyasi reallıqları nəzərə alaraq öz siyasətlərini yenidən formalaşdırmaq məcburiyyətində qalmasıdır. Qarşıdakı dövrdə regionun gələcəyini müəyyən edəcək əsas məsələ bu yeni güc balansının münaqişə müstəvisində deyil, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və davamlı sülh əsasında formalaşdırılmasıdır. Azərbaycan isə malik olduğu strateji mövqe və artan regional çəkisi ilə bu prosesin mərkəzində yer alan aktorlardan biri olmağa davam edəcəkdir”- deyə Mehmet Gökhan Özçubukçu əlavə edib.